Aleks Kaplun: “İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər” MÜSAHİBƏ

2023.02.17 10:53 (UTC+04:00)

- Cənab Kaplun, İsrail Azərbaycanın etibarlı iqtisadi tərəfdaşlarındandır. İki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsini necə səciyyələndirə bilərsiniz?

- Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı səviyyəsi kifayət qədər yüksəkdir. Bu əməkdaşlığı daha da irəli aparmaq üçün böyük potensial var və bu, ildən-ilə artır. Bizim siyasi sahədə kifayət qədər yaxşı münasibətlərimiz var və müvafiq olaraq bu, iqtisadiyyatda da özünü göstərir. İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük işlər görür. Düşünürəm ki, əlaqələrimizdə yeni bir başlanğıc yaranıb.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası ölkələrimiz
arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük işlər görür.
Düşünürəm ki, əlaqələrimizdə yeni bir başlanğıc yaranıb

- Sizcə, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün hansı sahələr hərəkətverici qüvvə ola bilər?

- Hesab edirəm ki, Bakıdakı forum sualınıza cavabın bir hissəsidir. Bu forumu kənd təsərrüfatı və təhsil kimi iki mühüm sektora həsr etmək qərarına gəlməyimiz heç də təsadüfi deyil. İndi iqtisadi münasibətlərin başlanğıcı məhz bu amillər üzərində qurulur.

Artıq “yaşıl enerji”yə keçid zərurəti, su ehtiyatları, tibblə bağlı innovasiyalar haqqında danışmağa başlamışıq. Əminəm ki, növbəti forumlarımızdan biri tibb və tibbi texnologiyalar ilə bağlı olacaq. Bu, yalnız başlanğıcdır, davam etdirilməli olan daha çox istiqamət var.

- İsrail şirkətlərini Azərbaycanın hansı ixrac məhsulları maraqlandırır?

- İsrail bazarı kiçik olsa da, ödəmə qabiliyyəti yüksəkdir. Maliyyə baxımından İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər. Lazımi məhsullara daha çox diqqət yetirmək üçün, sadəcə, bir az araşdırma aparmağa ehtiyac var. Şübhəsiz, qida məhsulları haqqında danışmaq olar. Azərbaycan məhsullarının necə dadlı olduğunu hamımız bilirik. Hamıya yaxşı məlumdur ki, İsrail neftin və neft məhsullarının əsas alıcılarındandır. Bundan əlavə, sənaye istiqamətini inkişaf etdirmək mümkündür.

İsrail bazarı kiçik olsa da, ödəmə qabiliyyəti yüksəkdir. Maliyyə
baxımından İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər

- Azərbaycanın İsraildə səfirliyinin açılması, sizcə, iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Bu, dövlətlərimizin maraqları baxımından böyük hadisədir. Çox şadıq ki, Azərbaycan Respublikasının Prezidenti belə bir qərar verdi və fikrimcə, bu vəzifəyə son dərəcə layiq olan bir namizədi, uzun müddət İsraillə işləmək təcrübəsinə malik bir şəxsi təyin etdi.

Bundan sonra İsraildəki azərbaycanlılar üçün indiyədək əldə edilməsi bir qədər çətin olan müəyyən xidmətləri almaq xeyli asanlaşacaq. Düşünürəm ki, bu həm siyasi, həm də işgüzar münasibətlərimizi daha da yaxşılaşdıracaq. Eyni zamanda, bu, ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıra biləcək bir hadisədir.

Tamilla MƏMMƏDOVA