Katarina Byorlin Hansen: “Azərbaycan iqtisadiyyatının inkişafı gözlənildiyindən yüksəkdir” MÜSAHİBƏ

2023.02.16 10:34 (UTC+04:00)

- AYİB ilə Azərbaycan arasında mövcud əməkdaşlığın başlıca istiqamətləri nələrdir? Hazırda ölkədə bankın portfelinin həcmi nə qədərdir?

- 2022-ci ildə Azərbaycanla tərəfdaşlığımız xüsusilə “yaşıl” təşəbbüslər sahəsində çox güclü olub. Ötən il Azərbaycanda doqquz layihəyə 86 milyon avro sərmayə qoymuşuq ki, bunun da 70 faizindən çoxu “yaşıl iqtisadiyyat”a aiddir.

Keçən il dayanıqlı infrastruktur, bərpa olunan enerji və korporativ sektora diqqət yetirdik. Gəncədə tullantıların idarə edilməsi və enerji səmərəliliyinin təkmilləşdirilməsinə dair sazişlər imzaladıq və ölkənin karbonsuzlaşdırılması proqramının irəliləyişi üçün Azərbaycanın ilk irimiqyaslı günəş elektrik stansiyasını birgə maliyyələşdirdik. Korporativ sektorda diqqət çəkən məqamlar enerjiyə qənaət edən soyuducu anbarın tikintisinin və kənd təsərrüfatı məhsulları istehsalının “yaşıllaşdırılmasının” maliyyələşdirilməsini əhatə edirdi. Telekommunikasiya sahəsinə böyük investisiyalar qoyuldu. “Aztelekom”a verdiyimiz kredit Azərbaycanın regionlarında minlərlə ev təsərrüfatı üçün müasir genişzolaqlı texnologiyanın tətbiqinə yönəldilib. Bu istiqaməti 2023-cü ildə Azərbaycanda ilk dairəvi iqtisadiyyat layihəmiz və regional inkişafı dəstəkləmək üçün İT mərkəzlərinin işə salınması kimi layihələrlə davam etdiririk. 2023-cü ildə və ondan sonrakı illərdə Azərbaycanla əməkdaşlığımıza çox nikbin baxırıq. Azərbaycanda 30 illik fəaliyyətimiz ərzində 187 layihəyə 3,6 milyard avro sərmayə qoyaraq hazırda ölkənin aparıcı investorlarından biri olaraq qalırıq.

Hazırkı strategiyamız ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək
etmək, kiçik və orta biznes üçün maliyyə imkanlarını genişləndirmək və
ilk növbədə bərpa olunan enerjiyə investisiyalar qoymaq
vasitəsilə ölkənin karbonsuzlaşdırma səylərini dəstəkləməkdir

- AYİB-in Azərbaycandakı fəaliyyətinin 2023-cü il üçün əsas prioritetləri hansılardır?

- Azərbaycan iqtisadiyyatının inkişafı gözlənildiyindən yüksəkdir, buna qismən son vaxtlar enerji qiymətlərinin artması da səbəb olub. Azərbaycanlı tərəfdaşlarımızla birlikdə hədəfimiz ölkənin orta və uzunmüddətli iqtisadi sabitliyini və dayanıqlı artımını gücləndirmək üçün bu fürsətdən istifadə etməkdir. Hazırkı strategiyamız ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək etmək, kiçik və orta biznes üçün maliyyə imkanlarını genişləndirmək və ilk növbədə bərpa olunan enerjiyə investisiyalar qoymaq vasitəsilə ölkənin karbonsuzlaşdırma səylərini dəstəkləməkdir.

- AYİB-in Azərbaycan üzrə hazırkı strategiyası 2019-2024-cü illər üçün nəzərdə tutulub. Bu strategiyanın hansı əsas aspektlərini vurğulayardınız? Növbəti dövr üçün strategiya üzərində işə nə vaxt başlamaq planlaşdırılır?

- Strategiyamıza 2024-cü ildə yenidən baxılacaq. Hazırda hakimiyyət orqanları, özəl sektor, müştərilər və tərəfdaşlarla müntəzəm dialoqlar vasitəsilə onun hazırlanması üçün bəzi vacib məlumatları toplayırıq. Buraya bütün maraqlı tərəflərlə müntəzəm iş müzakirələri, eləcə də yüksək səviyyəli görüşlər daxildir. Belə tədbirlərdən biri də Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin AYİB-in prezidenti xanım Odil Renaud-Basso ilə ötənilki görüşüdür.

Bu yaxınlarda Prezident İlham Əliyev Davosda birinci vitse-prezidentimiz Yurgen Riqterinklə görüşdü. Səmimi keçən görüşdə orta və uzunmüddətli əməkdaşlıq imkanları müzakirə edildi. Bu ilin əvvəlində AYİB-in siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bovmanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıda oldum. Nazirlərlə, Mərkəzi Bankın rəhbəri və onun müavini ilə, diplomatik korpusla, özəl və potensial müştərilərimizlə görüşdük. Bu ünsiyyətlər ölkə üçün strategiya ilə bağlı qərar qəbul etməyimizdə mühüm əhəmiyyət kəsb edir.

Tamilla MƏMMƏDOVA