Samirə Musayeva: “Rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndiriləcək” MÜSAHİBƏ

2023.02.15 14:22 (UTC+04:00)

- Samirə xanım, Dövlət Vergi Xidmətinin fəaliyyəti, gördüyü işlər, əldə etdiyi nəticələr barədə məlumat verməyinizi xahiş edirik.

- Siz haqlı olaraq qeyd etdiniz ki, Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda vergi orqanlarının ötən il ərzindəki fəaliyyəti haqqında geniş məlumatlar verildi və vergi orqanları tərəfindən dövlət büdcəsinə yığılan daxilolmalar - vergilər, sosial sığorta, işsizlikdən sığorta, icbari sığorta üzrə daxilolmaların məbləği və onun bütövlükdə büdcənin bütün fiskal gəlirlərindəki əhəmiyyətli həcmi barədə məlumatlar səsləndirildi. Bəli, bu gün Dövlət Vergi Xidməti 78,9 faiz fiskal yığımları təmin edən qurum olmaqla yanaşı, həm də öz fəaliyyətini iqtisadiyyatı tənzimləyən, sahibkarlıq mühitinin inkişafını tənzimləyən bir qurum kimi görür. Bu barədə fikirlər də konfransda dəfələrlə qeyd olundu.

Vergi orqanları bu gün sahibkarlıq mühitinin təşviq edilməsi, müxtəlif vergi təşviqi alətləri, hədəfli vergi güzəştlərinin verilməsi ilə yanaşı, həm də sahibkarlara göstərilən çoxsaylı xidmətlər, rəqəmsallaşma, vergi öhdəliklərinin icra edilməsindəki asanlıq, vergi ödəyicilərinin qaldırdıqları bütün məsələlərə və suallara çevik reaksiyanın verilməsi, o cümlədən öz effektiv inzibatçılıq alətləri vasitəsilə tənzimləmə funksiyasını icra edir. Təsadüfi deyil ki, bu gün vergi orqanları və vergi ödəyiciləri arasında münasibətlər qarşılıqlı etimada əsaslanır və qeyd etdiyimiz bu yığımların böyük əksəriyyəti – 92 faizi məhz könüllü vergi ödəmələri hesabına icra olunur.

Bu gün Dövlət Vergi Xidməti 78,9 faiz fiskal yığımları təmin edən
qurum olmaqla yanaşı, həm də öz fəaliyyətini iqtisadiyyatı tənzimləyən,
sahibkarlıq mühitinin inkişafını tənzimləyən bir qurum kimi görür

Bütövlükdə, ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat həcmində daxilolma qeydə alınıb. Bu, 2021-ci illə müqayisədə 7 milyard manat çoxdur. Təbii ki, bu artımın dünya enerji bazarında qiymət konyukturunda baş verən müsbət meyillərlə bağlı olan hissəsi də var, amma digər tərəfdən, məhz qeyri-neft sektorunda vergi daxilolmaları ötən il 1,8 milyard manat artıb. Bu isə, dediyimiz kimi, həm səmərəli təşviq alətləri vasitəsilə sahibkar-dövlət münasibətlərində etimadın və könüllü əməletmənin səviyyəsinin artımı, digər tərəfdən isə resurslardan səmərəli istifadə edilməklə effektiv risk əsaslı vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi və bunların nəticəsi olaraq şəffaflaşma hesabına mümkün olub.

- Samirə xanım, ümumiyyətlə, son illərə nəzər salsaq, DVX özünün prioritet xətti kimi “Kölgədən birlikdə işıqlığa doğru” şüarı ilə iqtisadiyyatda şəffaflaşmaya start verdi və bu 5 illik müddət, belə desək, işin nəticəsinə qiymət vermək üçün yetərli bir zamandır. Necə hesab edirsiniz, Azərbaycan iqtisadiyyatında şəffaflaşma, əldə olunan bugünkü nəticələr nəyi göstərir?

- Vergi sahəsində, paralel olaraq sahibkarlıq sahəsində şəffaflaşma son illər aparılan islahatların əhəmiyyətli bir hissəsini təşkil edir. Biz şəffaflaşmanı bir neçə göstəricidə görə bilərik. Qarşıya qoyulan ilk hədəflərdən biri əmək münasibətlərinin, əmək bazarının şəffaflaşması idi ki, bu sahədə şəffaflaşma tədbirləri 1 yanvar 2019-cu il tarixdən başlayıb və artıq 1 yanvar 2023-cü il tarixə təkcə qeyri-neft sektorunun özəl bölməsində rəsmiləşdirilmiş əmək müqavilələrinin sayındakı artım 291 mini ötüb. Ötən ildə isə əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 58 mindən çox artıb. Təbii ki, əmək münasibətlərinin şəffaflaşması həm də dövriyyələrin şəffaflaşması deməkdir. Biz qeyri-neft sektorunda ÜDM-in nominal artım templərinə baxsaq, bu, təxminən 21,6 faizdir. Qeyri-neft sektorunda vergi daxilolmalarının həcmində isə bu artım 27,9 faiz təşkil edib. Yəni aradakı fərqdə ÜDM-in artımını üstələyən vergi daxilolmaları varsa, hesab edirik ki, bu, şəffaflaşma hesabına baş verib.

Şəffaflaşmanın digər göstəriciləri isə aktiv vergi ödəyicilərinin sayında baş verən
artımdır. Bu gün aktiv vergi ödəyicilərinin sayı 7 faiz artaraq 712 mindən çoxdur

Şəffaflaşmanın digər göstəriciləri isə aktiv vergi ödəyicilərinin sayında baş verən artımdır. Bu gün aktiv vergi ödəyicilərinin sayı 7 faiz artaraq 712 mindən çoxdur. ƏDV ödəyicilərinin sayında da artım baş verir - bu göstərici ötən ilə nisbətən 15,1 faiz artıb. Qeyri-neft sektorunda dövriyyələrdə müsbət dinamika müşahidə olunur. Ötən il dövriyyələr 22,6 faiz artıb. Şəffaflaşmanı təmin edən tədbirlər həm də elektron qaimə-faktura üzərindən aparılan əməliyyatların həcmindəki artımda özünü göstərir. E-qaimə üzərindən həyata keçirilən əməliyyatların həcmində 26 faiz artım müşahidə olunub. Ötən il onlayn nəzarət-kassa aparatları üzərindən aparılan dövriyyələrdəki artım isə 27 faizdən çox olub.

- Bəs ortamüddətli dövrdə Dövlət Vergi Xidmətinin hədəfləri, məqsədləri nə olacaq?

- Dövlət Vergi Xidmətinin ortamüddətli dövrdəki hədəfləri 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn məsələlərdir. Həmin strategiya sənədi vergi sahəsində islahatların 2 mühüm istiqamətini müəyyən edir. Bunlardan birincisi, iqtisadiyyatın strateji inkişaf sahələrinin stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviq alətlərindən effektiv istifadədir. Digər əsas istiqamət “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə, şəffaflaşmanın səviyyəsinin artırılması üçün vergi sistemində rəqəmsallaşmanın genişləndirilməsidir. Sahibkarlığın təşviqi ilə bağlı konkret tədbirlər artıq müəyyən olunub və həmin tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar yerli sənayenin, xüsusilə aqrar emal sənayesinin inkişafı, ixracyönümlü istehsal fəaliyyətinin, ixracyönümlü sənayenin inkişaf etdirilməsi, “yaşıl” artımın, “yaşıl” enerjinin, ekoloji mühitin qorunmasına xidmət edən sahibkarlıq sahələrinin yaradılması və inkişaf etdirilməsi, İKT sektorunun inkişafını dəstəkləyən vergi tənzimləmələrinin həyata keçirilməsi, xüsusilə maliyyə sektorunda, kapital bazarları sahəsində əlverişli vergi mühitinin yaradılması ilə regionda investisiyanın cəlbediciliyini artırmaqla ölkəyə investisiyaların qoyulmasını təmin etməkdir. Təbii ki, investisiya qoyuluşundan danışırıqsa, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı bizim üçün prioritetdir və məhz həmin ərazilərə investisiyaların qoyulması ortamüddətli dövrdə vergi siyasətinin qarşısında duran əsas hədəflərdəndir. Bu sahədə artıq bir sıra vergi-təşviq alətləri tətbiq olunub. Bundan sonra da həmin sahədə və ərazilərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Təbii ki, investisiya qoyuluşundan danışırıqsa, işğaldan azad edilmiş ərazilərin
iqtisadi inkişafı bizim üçün prioritetdir və məhz həmin ərazilərə investisiyaların
qoyulması ortamüddətli dövrdə vergi siyasətinin qarşısında duran əsas hədəflərdəndir

Ortamüddətli dövrdə əsas hədəflərimizdən biri də rəqəmsallaşmanı daha da genişləndirməkdir. Təqdim etdiyimiz xidmətlərin çeşidini artırmaqla yanaşı, rəqəmsal interaktiv xidmətlərin əhatə dairəsini də genişləndirmək niyyətindəyik. Buna misal olaraq, bəyannamələrin əvvəlcədən doldurulması, vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqinin istifadəyə verilməsi, QR kodla təsdiq edilməklə arayışların verilməsi, elektron vergi konsaltinqi kimi yeni e-xidmətləri göstərə bilərik. Odur ki, orta dövrdə həyata keçirəcəyimiz islahatlar, əsasən, iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin təşviq edilməsi, tənzimlənməsi və bu istiqamətdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlıdır.

- Azərbaycanın vergi sisteminin beynəlxalq vergi sisteminə inteqrasiyası, bu sahədə ölkəmizin beynəlxalq aləmdəki imici ilə bağlı bugünkü vəziyyət barədə nə deyə bilərsiniz?

- Bu gün vergi sistemində aparılan islahatların ən böyük uğurlarından biri də ondan ibarətdir ki, milli vergi sistemi beynəlxalq vergi sisteminə səmərəli şəkildə inteqrasiya olunub. Biz çoxsaylı beynəlxalq təşkilatların üzvüyük, bir sıra beynəlxalq konvensiyalar üzrə öz öhdəliklərimizi icra edərək yüksək reytinq ballarına nail olmuşuq. Bu gün şəffaflıq və məlumat mübadiləsi üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qlobal forumunda həm 2016-cı il qiymətləndirilməsi nəticəsinə görə, həm də ən son - 2022-ci ildə həyata keçirilən qiymətləndirməyə görə şəffaflıq və məlumat mübadiləsi ilə bağlı ən yüksək reytinq balı əldə etmişik.

Bu gün vergi sistemində aparılan islahatların ən böyük
uğurlarından biri də ondan ibarətdir ki, milli vergi sistemi
beynəlxalq vergi sisteminə səmərəli şəkildə inteqrasiya olunub

Digər tərəfdən, ötən il vergi orqanları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının BEPS - vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsi üzrə inklüziv çərçivəyə qoşulub və bununla da beynəlxalq əməkdaşlıq çərçivəmiz və imkanlarımız daha da artıb. Azərbaycanın vergi administrasiyası bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, habelə beynəlxalq donor təşkilatları olan Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı kimi təşkilatlarla səmərəli əməkdaşlıq edir, bir sıra yeni beynəlxalq trendlərin tətbiq olunması üçün texniki yardım layihələrindən faydalanır, çoxsaylı beynəlxalq sazişlərə qoşulub, 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər qüvvədədir. Bu gün biz beynəlxalq vergi aləmində etibarlı vergi administrasiyası və tərəfdaş kimi çıxış edirik.