Gürcüstan sərt pul siyasətini davam etdirəcək

2023.02.15 13:25 (UTC+04:00)

Gürcüstan Milli Bankı fevralın əvvəlində yenidən maliyyələşdirmə dərəcəsini 11% səviyyəsində saxlayıb. "Hesab edirik ki, sərt pul siyasəti bu gün iqtisadiyyatımız üçün uzunmüddətli perspektivdə ən az xərc tələb edən alternativdir. Yadda saxlamalıyıq ki, qiymət sabitliyinin qorunmasının uzunmüddətli faydaları iqtisadi fəaliyyətə müvəqqəti məhdudiyyətlərin qısamüddətli xərclərindən xeyli yüksəkdir", - Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze bildirib. O, bu gün inflyasiyanın dünya iqtisadiyyatının üzləşdiyi ən böyük problem olduğuna qeyd edib.

Bundan əvvəl Gürcüstan Milli Bankı bəyan etmişdi ki, yüksək qeyri-müəyyənlik və inflyasiya risklərini nəzərə alaraq Milli Bank inflyasiyanın azaldılmasına diqqətini saxlamaqda davam edir və cari proqnoza görə, il boyu sərt pul siyasətini davam etdirəcək.

Qeyd edək ki, qonşu Gürcüstanda illik inflyasiya (2022-cü ilin yanvarından 2023-cü ilin yanvarına qədər) 9,4% təşkil edib.