Prezidentin təqdimatı ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 2.2-ci maddəsindəki "vergi yoxlamalarına" sözlərindən sonra "tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara" sözləri əlavə edilir. Həmçinin, 10.3-cü maddədəki "sahəsində" sözünün "yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində" sözləri ilə əvəzlənməsi təklif edilir.
Qanunun "Qeyd" hissəsində göstərilir ki, qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.