Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələr ilə ticarət dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Millət vəkili Vüqar Bayramov bu ölkənin Azərbaycanla iqtisadi əlaqələrinin gələcək perspektivlərini şərh edib. Bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır: “2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olub. Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub”.
Türkiyənin eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşının olduğunu xatırladan V.Bayramov 3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən 1/3-nin Türkiyənin payına düşdüyünü deyib. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alındığını vurğulayıb:
“Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malikdir. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır. “Əsrin Fəlakətinin” coğrafiyasını və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində enmələr olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.