İslahatlar sahibkarlığın stimullaşdırılmasına yönəldilib

2019.05.21 15:19 (UTC+04:00)

- Nicat müəllim, Strateji yol xəritələrində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində hədəflər nədən ibarətdir?

- Strateji yol xəritələri ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə strateji planlama sənədi kimi imzalanıb. Sənədin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, qısa, orta və uzunmüddətli dövrlər üçün Azərbaycanın yeni iqtisadi modeli burada öz əksini tapır.

Yol xəritələri 10 hissəyə bölünür və 11 istiqaməti əhatə edir. Bunlardan biri də, təbii ki, kiçik və orta sahibkarlıqla bağlıdır. Ümumilikdə yol xəritələrinin hər birinin 60-70 faizi sahibkarlıq subyektlərini əhatə edir. Strateji yol xəritələrinə uyğun olaraq, xüsusi bir institut - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi formalaşdı.

- Starteji yol xəritələrinin müddəalarında sahibkarlıqla bağlı özəl təşəbbüslərə, insanların sahibkarlığa cəlb olunmasına xüsusi yer verilib...

- Yol xəritələrinin çağırışları sahibkar üçün daha əlverişli biznes mühiti formalaşdırmaq, onların bütün dövlət xidmətlərinə, o cümlədən maliyyə resurslarına və digər sahələrə əlçatanlığını artırmaqdır. Beynəlxalq reytinqlərdə - "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək, dünyanın ən çox islahatlar aparan ölkələri sırasına daxil olub. Azərbaycanda korporativ idarəetmə, müflisləşmə, investorlarla bağlı hüquqi islahatlar həyata keçirilib.

Bu gün ölkə iqtisadiyyatında rəqabət mühitinin təkmilləşdirilməsi prosesi davam edir. Təbii ki, bununla bağlı dövlətin tənzimləmə tədbirləri də var. Amma sahibkarların da üzərinə çox işlər düşür. Onlar korporativ normalara riayət etməli, korporativ idarəetməni tətbiq etməlidirlər. Bizim ən ümdə məsələmiz Rəqabət Məcəlləsi ilə bağlıdır. Məcəllənin 2021-ci ilədək qəbul olunması üzərində işlər davam etdirilir. Bundan əlavə, Azərbaycanda inhisarçılığın qarşısının alınması üçün kifayət qədər tədbirlər görülüb. "Kölgə iqtisadiyyatı"nın minimuma endirilməsi istiqamətində həyata keçirilən vergi islahatlarının müsbət nəticələri artıq özünü büruzə verməkdədir. Gömrükdə şəffaflaşdırma, azad idxal-ixrac əməliyyatlarının təmin edilməsi də azad ticarətin formalaşmasına və baş verə biləcək hər hansı inhisar meyillərinə qarşı mübarizə tədbiridir.

"Kölgə iqtisadiyyatı"nın minimuma endirilməsi istiqamətində həyata keçirilən
vergi islahatlarının müsbət nəticələri artıq özünü büruzə verməkdədir

- Strateji yol xəritələrinin hədəflərindən biri də sahibkarların maliyyə mənbələrinə rahat çıxışıdır. Lizinq və digər alternativ maliyyə mənbələri ilə bağlı hansı işlər görülür?

- Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsasnaməsində mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi öz əksini tapıb. Kredit bürosunun formalaşdırılması banklara sahibkar haqqında məlumatlılıq, kreditin verilmə risklərinin ölçülməsi baxımından kömək edir. Daşınar əmlakın yüklülüyü reyestri fermerlərin maliyyə resurslarına əlçatanlılığı prosesini daha da asanlaşdırmaq üçündür.

Əsas çağırış ondan ibarətdir ki, startapların, innovativ layihələrin maliyyələşdirilməsi sistemində biznes inkubatorları, yüksək texnologiyalar parkları, innovativ məkanların formalaşdırılması ilə sahibkarlar üçün şərait yaradılsın, onlar həm startaplarını inkişaf etdirə bilsinlər, həm də investisiya cəlb etmək imkanları artsın. Bunun üçün də hüquqi baza var, Azərbaycan startapların yaradılması ilə bağlı unikal insan kapitalına malikdir. Maliyyə resurslarını artıq bazar özü gətirməlidir. Startapların, innovativ layihələrin maliyyələşdirilməsi istiqamətində artıq banklarda xüsusi departamentlər də yaradılıb. Bundan başqa, "Bir pəncərə" İxraca Dəstək Mərkəzi sahibkarlarla daim əməkdaşlıq edir.

- Strateji yol xəritələri xarici ticarət iştirakçıları üçün hansı imkanları yaradır?

- Azərbaycanda xarici ticarət əməliyyatlarının liberallaşdırılması istiqamətində ciddi iş edir. "Yaşıl dəhliz" sisteminin yaradılması sürətli ticarətə şərait yaradıb. Son statistikalara baxdıqda, ötən illə müqayisədə idxalda canlanma müşahidə olunur. Bundan əlavə, xarici ölkələrdə "ticarət evləri"nin açılması da yerli sahibkarlarımızın işini xeyli canlandırıb.

- Xarici investisiyanın təşviqi ilə bağlı vəziyyət nə yerdədir?

- Son bir il ərzində Azərbaycanın həm neft sektoruna, həm də qeyri-neft sənayesinə böyük həcmdə xarici investisiya yatırılıb. Azərbaycan xarici investisiyalara açıq ölkədir, burada investorların hüquqları, investisiyaları qorunur, rentabelli şərait hökm sürür. Beynəlxalq reytinq qurumlarının rəylərində də göstərildiyi kimi, Azərbaycan biznes mühiti cəhətdən əlverişli ölkədir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI