Stiven Holl: “Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafında iştirak etməkdə maraqlıdır” MÜSAHİBƏ

2023.02.13 16:12 (UTC+04:00)

- Cənab Holl, Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin son göstəriciləri barədə nə deyə bilərsiniz?

- İki ölkə arasında ticarət dövriyyəsi keçən il 2021-ci ilə nisbətən 4,3% (44 milyon funt sterlinq) artaraq 1,1 milyard funt sterlinqə yüksəlib. Bu, iqtisadi əlaqələrimizin inkişafında əhəmiyyətli irəliləyişdən xəbər verir. Böyük Britaniya Azərbaycana avtomobil, zərgərlik və sənaye avadanlıqları ixrac edir, Azərbaycandan isə neft və elektrik generatorları idxal edir.

- İki ölkə arasında ticarətin artım potensialını necə dəyərləndirirsiniz? İqtisadi əməkdaşlığın hansı sahələri inkişaf etdirilə bilər?

- Təbii ki, ticarət əlaqələrində neft öz dominant mövqeyini qoruyub saxlayacaq, lakin ticarət əməkdaşlığının artırılması mümkün olan başqa sektorlar da var. Azərbaycanın hələ də böyük neft ehtiyatlarına malik olmasına baxmayaraq, neft məhdud resursdur. Azərbaycanda bərpa olunan enerji sektoru inkişaf etdirilməlidir və bu sahədə yaxşı irəliləyişlər var.

Ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensial
var və çox güman ki, bu, neft sektorundan kənarda əsas əməkdaşlıq sahəsi olacaq

- Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında necə iştirak edə bilər?

- Böyük Britaniyanın külək turbinlərinin yaradılmasında yaxşı təcrübəsi var və bu texnologiyanı Azərbaycanla paylaşa bilər. Britaniya şirkəti həmçinin enerji istehsalı üçün səmərəli dalğa maşınları hazırlayıb, ölkəmizdə günəş panellərinə yönəlmiş kiçik biznes sistemi qurulub. Beləliklə, Böyük Britaniya Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılmasında aparıcı rol oynaya bilər.
Ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensial var və çox güman ki, bu, neft sektorundan kənarda əsas əməkdaşlıq sahəsi olacaq.

- Böyük Britaniya Cənub Qaz Dəhlizi layihəsində maraqlı ölkədir. Siz enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Böyük Britaniya Cənub Qaz Dəhlizini və Azərbaycanın bu layihədəki rolunu güclü şəkildə dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Böyük Britaniya təhlükəsizlik baxımından 2020-ci ildə Azərbaycana 85,9 milyon funt sterlinq dəyərində hərbi yardım göstərib.

- Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar ticarət əlaqələrinin yenidən tənzimlənməsinə ehtiyac yaranıb. Bu, Azərbaycanla münasibətlərdə özünü necə göstərir?

- Hazırda Böyük Britaniya Avropa ilə əlaqələrin qurulmasını yekunlaşdırmağa və Amerika, Avstraliya, Yeni Zelandiya, Hindistan və Kanada ilə ticarət sövdələşməsinə diqqət yetirir. Düşünürəm ki, Azərbaycanla ticarət müqaviləsinin imzalanması üçün müəyyən vaxt lazım olacaq.

Qarabağda və işğaldan azad edilmiş dağlıq ərazilərdə günəş
elektrik stansiyasının tikintisi Britaniya üçün böyük maraq doğurur

- Böyük Britaniyanın “Champan Taylor” şirkəti Şuşanın baş planının hazırlanması üzrə tenderin qalibi olub. Azərbaycanın Energetika Nazirliyi ilə bp arasında Qarabağda günəş elektrik stansiyasının tikintisinə dair saziş imzalanıb. Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirakının perspektivlərinə necə baxırsınız?

- Qarabağda və işğaldan azad edilmiş dağlıq ərazilərdə günəş elektrik stansiyasının tikintisi Britaniya üçün böyük maraq doğurur. Digər maraqlı sahə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də yenidənqurma işləri olacaq. Britaniyanın biznes dairələri işğaldan azad edilmiş ərazilərin inkişafında iştirak etməkdə maraqlıdır.

Tamilla MƏMMƏDOVA