Vətəndaş cərrahiyyə əməliyyatına görə ödədiyi ƏDV-nin bir hissəsini geri ala bilərmi ?

2023.02.13 10:22 (UTC+04:00)

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicilərinin vəzifəsidir.

Göründüyü kimi, tibb müəssisələri göstərdikləri xidmətlərə görə kassa çekini təqdim etməlidirlər.

Qanunvericiliyin bu normasının əlavə edilməsinə səbəb qanunvericilikdəki başqa bir dəyişiklikdir. Dəyişikliyin mahiyyəti tibbi xidmətlər üçün ödənilmiş ƏDV-nin "ƏDV geri al" mexanizminə qoşulmasıdır.
Beləliklə, 1 yanvar 2022-ci ildən tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin nağd ödənişlər zamanı 10%-nin, nağdsız ödənişlər zamanı 15%-nin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə təsbit olunmuşdur. Məcəlləyə edilən son dəyişikliklərə əsasən, nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5%-i geri qaytarılır.

2022-ci ildə "Nağdsız hesablaşmalar haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda ödəniş nağdsız edilməlidir.
Cərrahiyyə əməliyyatlarının tibbi xidmətlərə aid olduğunu, habelə formalaşmış qiymətlərə əsasən belə xidmətin dəyərinin, adətən 500 manatdan artıq olduğunu nəzərə alsaq, hazırkı hüquqi şərtlərə əsasən, belə xidmətlər üçün nağdsız ödənilmiş ƏDV-nin 17,5%-nin geri qaytarılması mümkündür.