Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) beynəlxalq tərəfdaşları MediaOst və WEIA ilə birlikdə Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirib.
Bu gün keçirilən forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında deyib: “AQSİA olaraq bu layihənin tərəfdaşı olmaqdan qürür duyuruq. Beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlayıb. Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media, mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə edib. Pandemiya dövrünə baxmayaraq biz bu təşəbbüsü göstərdik və bunun üçün Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk. Bu layihələr BMT-nin Dayanaqlı İnkişaf məsqədlərinin 4-cü bəndi – Keyfiyyətli təhsil, 7-ci bəndi – Sərfəli və təmiz enerji və 17-ci bəndi - Məqsədlər üçün tərəfdaşlıq bəndinə əsaslanır. Qeyd etmək istərdim ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir və bu da 3 ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq”.
Forumda çıxış edən ombudsman Səbinə Əliyeva bildirib ki, qadın cəmiyyətimizin aparıcı qüvvəsidir, ona görə qadınlar nə qədər güclü olarsa, dövlətimiz də hər sahədə öndə olacaq və uğurlu qadınlarımızın sayı sürətlə artacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bizim üçün bir nümunədir.
Forum çərçivəsindəki çıxışında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, son zamanlar sosial sahibkarlıq termini çox aktualdır. Ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır və iqtisadi fəal əhalinin 49 faizini məhz qadınlar təşkil edir. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir.
Azərbaycanda sahibkarlıqla əsasən kişilərin məşğul olduğunu söyləyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son illər bu sahədə qadınların da rolu artmaqdadır. Dövlət Komitəsinin sədri qeyd edib ki, sosial sahibkarlıq subyekti digər subyektlərdən fərqlənir. Bu subyektlərin məqsədi ilk olaraq əsas ehtiyacları öyrənmək və həmin ehtiyacların aradan qaldırılması üçün təkliflər irəli sürmək, sonda nəticə əldə etməkdir.
Daha sonra çıxış edən MediaOst-un direktoru Anna Leonenko planlaşdırılan layihələrin çoxunun həyata keçiriləcəyinə əmin olduğunu deyib: “İnsanların müraciətini, birləşdirici prinsip axtarışı və yeni ideyaların, layihələrin, dostluğun, tərəfdaşlığın yaranmasının yaradıcı prosesini izləmək heyrətamiz hissdir. Bəzi layihələr kommersiya əsası ilə istifadəyə verilməyə hazırdır, digərləri isə maliyyələşməyə təqdim olunur. Onların həyata keçirilməsi dünyanı bir az da yaxşılaşdıracaq, biz buna əminik”.
Tədbirin rəsmi hissəsindən sonra MediaOst və AQSİA arasında, həmçinin WEİA və AQSİA arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Ümumilikdə foruma 200-dən çox iştirakçı qatılıb.
Rəsmi hissədən sonra forum müxtəlif mövzularda master klasslar, panellərlə davam edib.
Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə Dövlət proqramlarının təqdimatı keçirilib.
Qeyd edək ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.
Forumun növbəti günündə layihələrin dayanıqlılığını təmin etmək üçün konsultant yarmarkası keçiriləcək.
AZƏRTAC