- Cənab Xelop, Sİ-nin həyata müdaxiləsi getdikcə artmaqdadır. Bu sahədə Azərbaycandakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Ölkələrin Sİ hazırlığının müxtəlif aspektlərini araşdıran Oxford Insights indeksi kimi ümumi indekslər Azərbaycanı 2022-ci ildə 181 ölkə arasında 74-cü yerdə qərarlaşdırıb. Azərbaycan öz regionunda lider mövqeyini əyani şəkildə nümayiş etdirir. Ölkənin Sİ üzrə milli strategiya hazırlamaq səyləri onun regional liderliyini gücləndirmək, eləcə də özünə qlobal səhnədə yer tutmaq üçün yaxşı başlanğıcdır. Nəhayət, milli Sİ strategiyası Sİ-nin faydalarından istifadə etməyə, davamlı Sİ ekosistemi yaratmağa kömək edəcək, əlaqəli riskləri minimuma endirəcək.
Strateji yanaşma nəticəsində süni intellekt milli məqsədlərə, eləcə də siyasət və sənaye proqramlarına nail olmağı sürətləndirməyə kömək edə və ən əsası, vətəndaşları daha yaxşı dövlət xidmətləri ilə təmin edə bilər. Əlbəttə, ABŞ və Çin qlobal Sİ yarışında bir çox cəhətdən üstün mövqedədir. Bununla belə, hesab edirəm ki, hər bir ölkənin və regionun müəyyən sahələrdə sıçrayış etmək, eləcə də qlobal Sİ ekosistemini təkmilləşdirmək üçün ümumi təyinatlı texnologiyadan istifadə etməkdə özünəməxsus imkanları var.
Strateji yanaşma nəticəsində süni intellekt milli məqsədlərə, eləcə də
siyasət və sənaye proqramlarına nail olmağı sürətləndirməyə kömək edə və
ən əsası, vətəndaşları daha yaxşı dövlət xidmətləri ilə təmin edə bilər
- Hazırda C4IR ilə Azərbaycan arasında əməkdaşlıq hansı səviyyədədir və gələcək planlarınız nələrdir?
- Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzi – Dünya İqtisadi Forumu şəbəkəsinin bir hissəsidir. Bakıdakı Mərkəz öz fəaliyyətini dövlət və özəl sektordan olan tərəfdaşlarla, eləcə də akademik dairələrlə əlaqələndirməyə çalışır. Bakı Dördüncü Sənaye İnqilabının Sİ kimi əsas texnologiyalarının yaratdığı imkanlardan faydalanmaq üçün siyasət və tənzimləyici çərçivələri hazırlamaq və sınaqdan keçirmək istiqamətində bu addımları atır. Qarşıda çox maraqlı işlər və əməkdaşlıq var.
Hazırkı fəaliyyətin əsas istiqamətləri Azərbaycanda məsuliyyətli Sİ ekosisteminin yaradılması üçün vizyon və iş planı işləyib hazırlamaq, eləcə də bu vizyonun həyata keçirilməsi üçün tədbirlərə başlamaqdır. Buna konkret nümunə dövlət satınalmaları sahəsində davam edən işimizi göstərə bilərik. Sİ üzrə savadlılığın və dövlət satınalma məmurlarının potensialının artırılmasının ictimai xidmətlər və nəqliyyat, vergilər, səhiyyə və enerji kimi sahələr üçün Sİ-yə əsaslanan həllərin satın alınması zamanı daha yaxşı qərarlar qəbul etməyə necə kömək edə biləcəyi də vacibdir.
- Süni intellekt ölkənin iqtisadi inkişafı ilə bağlı hansı məsələlərə təsir edir? Ölkələrin bu istiqamətdə təcrübəsi necədir?
- Özəl və dövlət sektoru investisiyalarının artması Sİ-yə marağın davamlılığının və strateji prioritet olduğunun göstəricisidir. OECD hesabatına görə, ABŞ-ın Sİ-yə investisiyası 2001-2019-cu illər arasında 17 dəfə artıb və Sİ Komissiyası 2025-ci ilə qədər Avropa İttifaqında süni intellektə investisiyanın 22,4 milyard avroya çatacağını bildirib. Sİ-nin transformasiya potensialı enerji və səhiyyədən tutmuş müdafiəyə qədər bir çox sənaye və sektorlarda tətbiq olunur.
Süni intellekt iri neft və qaz istehsalçısı olan Azərbaycanın sektordakı
əsas səriştələlərini optimallaşdırmağa və şaxələndirməyə kömək edə bilər
Süni intellekt iri neft və qaz istehsalçısı olan Azərbaycanın sektordakı əsas səriştələlərini optimallaşdırmağa və şaxələndirməyə kömək edə, eləcə də enerji sistemlərinin karbonsuzlaşdırılması və ya bərpa olunan enerjiyə sərmayə qoyuluşu üzrə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verə bilər. Bu, önə keçmək, həmçinin regional və qlobal arenada düşüncə liderliyini və mükəmməlliyini nümayiş etdirmək üçün Sİ-dən istifadə potensialı haqqında əvvəlki qeydlərimlə səsləşir.
Getdikcə daha çox ölkə öz milli Sİ strategiyalarını dərc edir. Stanford Universitetinin İnsan Mərkəzli Kəşfiyyat İnstitutunun məlumatına görə, 32 ölkə öz milli Sİ planını dərc edib və 2021-ci ildə 22 ölkə onun üzərində iş aparmağa başlayıb.
Oxşar ÜDM tərkibinə, eləcə də regional və linqvistik yaxınlığa malik ölkələrin təcrübəsinin öyrənilməsi tədqiqat üçün yaxşı başlanğıc nöqtəsi ola bilər. Eyni zamanda, hər bir ölkənin özünəməxsus resursları, sosial-iqtisadi xüsusiyyətləri, eləcə də infrastrukturu və demoqrafiyası var. Buna görə də, Sİ kontekstində ölkənin güclü və zəif tərəflərinin təhlili Sİ-nin vətəndaşlara necə fayda verə və milli gündəmin irəliləməsinə kömək edə biləcəyini düşünmək üçün daha yaxşı başlanğıc sayıla bilər.
Tamilla MƏMMƏDOVA