Ötən il ərzində ölkədə 7 min tona yaxın bal istehsal edilib ki, bu da bir il öncəki göstəricini təxminən 500 ton (artım 7,7 faiz – red.) üstələyir. Bu barədə “vergiler.az”a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, istehsal həcmində müsbət dinamikaya işğaldan azal edilmiş ərazilərdə arı ailələrinin artırılması səbəb olub. “Əgər 2021-ci ildə bu ərazilərə 2 min arı ailəsi yerləşdirilmişdisə, ötən il bu rəqəm 20 mini ötüb. Cari ildə isə arı ailələrinin sayının daha 50 min artırılması gözlənilir. Ümumilikdə bu ərazilərdə 300 min arı ailəsinin yerləşdirilməsi nəzərdə tutulur ki, bu da illik istehsal həcmini əlavə olaraq 4 min ton artıra bilər. Nəzərə alsaq ki, daxili tələbat 6 min tondur, əlavə məhsulu ixraca yönləndirmək mümkün olacaq”, - deyə B.Həsrətov qeyd edib.
İxrac potensialının artırılmasına gəlincə, Assosiasiya rəhbəri Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət evlərinin bu işə töhfə verə biləcəyini istisna etməyib. “İxracın artırılması ilə bağlı təkliflər planının hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim edilməsi nəzərdə tutulur”, - deyə B.Həsrətov əlavə edib.