ABŞ hökuməti elektrikli avtomobillər üçün vergi güzəştinin əhatə dairəsini genişləndirir

2023.02.06 14:02 (UTC+04:00)

ABŞ Maliyyə Nazirliyi nəqliyyat vasitələrinin təsnifatı standartını yeniləyib. Bu yenilik elektriklə işləyən daha çox avtomobilin vergi güzəştlərindən faydalanmasına imkan verəcək.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilmiş açıqlamada "İnflyasiyanın azaldılması aktı"na əsasən, "təmiz nəqliyyat vasitəsi"lərinə vergi güzəşti etmək məqsədilə qiymət həddi müəyyənləşdirmək üçün nəqliyyat vasitələrinin qüvvədə olan təsnifat standartının dəyişdirildiyi bildirilib.

Açıqlamada ekoloji təmiz avtomobil istehsalçıları və dilerlərinin vergi güzəştlərindən yararlanması üçün əsas tələblərin ötən ilin dekabr ayında müəyyən edildiyi, yanvar ayında isə mövzu ilə bağlı təlimatın nəşr olunduğu xatırladılıb.

Qeyd edilib ki, həmin təlimatın təmin etdiyi standart nəqliyyat vasitələrinin sedan, yolsuzluq avtomobili və ya hər hansı digər növə aid olub-olmadığını və ya qiymətinin 55 mindən 80 min dollara qədər limit tələbinə cavab verib-vermədiyini müəyyən edir.

İstehlakçıların təmiz nəqliyyat vasitələrinə tətbiq edilən vergi güzəştinin hansı nəqliyyat vasitələrinə aid olduğunu bilmələrini asanlaşdırmaq üçün nəqliyyat vasitələrinin təsnifat standartının yeniləndiyinə diqqət çəkilərək, dəyişikliyin qüvvəyə mindiyi tarixin 1 yanvar olduğu vurğulanıb.

Qeyd edək ki, ABŞ-də istehlakçılar yeni elektrikli avtomobil alarkən 7.500 dollara qədər vergi güzəştindən faydalana bilirlər.

Dəyişiklik sayəsində “Tesla”, “Ford” və “Volkswagen” kimi populyar avtomobil istehsalçılarının bundan əvvəl vergi güzəşti ilə əhatə olunmayan bəzi modelləri də güzəştlərin əhatə dairəsinə aid ediləcək.