Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək

2023.02.03 09:52 (UTC+04:00)

Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

Birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

“Hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik”, - deyən Rumıniya Prezıdenti Klaus Yohannis vurğulayıb ki, o, azərbaycanlı həmkarı ilə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıb.