İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilə qədər Azərbaycan iqtisadiyyatına 8 100 000 manata qədər investisiya yatırıb.
“SİKA”dan “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, cari il ərzində ölkəmizə daha 600 000 manata qədər investisiyanın yatırılması nəzərdə tutulur.
Şirkət 2022-ci ildə istehsal həcmini 2021-ci illə müqayisədə 16,1 min ton və ya 84 faiz artırıb. Material çeşidliliyinin artması səbəbindən istehsal sahəsinin genişlənməsinə zərurət yarandığı üçün şirkət qarşıdakı illərdə istehsal sahəsini də genişləndirməyi planlaşdırır. Artıq mövcud istehsal sahəsində sement əsaslı məhsul çeşidliliyini artırmaq üçün lazımı işlərin görülməsinə başlanılıb. “SİKA” 2023-cü ilin ilk 3 ayında hazırda mövcud olan zavodunda yeni depo anbarı tikməyi də planlaşdırır.
Xatırladaq ki, “SİKA” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları istehsal edilir. “SİKA” 1910-cu ildə yaradılıb və dünyanın 100-dən çox ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir.