Sahibkar Toğrul Məmmədzadə: “Startap”dan əldə edilən gəliri layihənin inkişafına yönəltməyi nəzərdə tuturuq”

2023.02.02 14:41 (UTC+04:00)

Azərbaycanda iqtisadi siyasətin tərkib hissəsi olaraq innovativ sahələrin inkişaf etdirilməsi məqsədilə görülən tədbirlər, dövlətin həyata keçirdiyi layihələr özəl sektorun inkişafını stimullaşdırır. Bu sahədə dövlət layihələrindən biri də mikro və kiçik sahibkarlıq subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsidir. Bu şəhadətnamə hesabına sahibkarlar bir çox üstünlüklər əldə edirlər. Məsələn, “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad etməklə yanaşı, bu dəstəkdən yararlanan sahibkarların ekosistemdə tanınmasına və daha geniş arenada investorların cəlb olunmasına şərait yaradır. Şəhadətnamə sahibkarların xarici bazarlara çıxışını da asanlaşdırır. Bütün bu güzəştlər sahibkarların kiçik və orta biznes subyektlərinin “Startap” şəhadətnaməsinə marağını artırır.

“Startap” şəhadətnaməsi almaqla dövlətin verdiyi üstünlüklərdən istifadə edən sahibkarlıq subyektlərindən biri də “Sakuraz Green Energy” MMC-dir. Şirkət Azərbaycanda ilk dəfə olaraq “BSI” adlanan İsrail texnologiyası ilə batareyaların istifadə müddətinin artırılmasını və onların bərpasını təmin edir.

2022-ci ildən fəaliyyətə başlayan və elə həmin il də “Startap” şəhadətnaməsi alan “Sakuraz Green Energy” MMC-nin direktoru Toğrul Məmmədzadə bildirir ki, sənəd 3 il müddətinə güzəşt nəzərdə tutduğu üçün ondan daha səmərəli faydalanmağı və bu müddət ərzində müvafiq layihədən əldə edilən gəliri layihənin inkişafına yönəltməyi planlaşdırır.

Onun sözlərinə görə, artıq dünyada enerjiyə qənaət üçün batareya ilə işləyən texnologiyalar daha çox üstünlük təşkil edir. Bu isə istifadə müddəti bitmiş batareyaların tullantıya çevrilməsinə gətirib çıxarır. Ekologiyanın qorunması məqsədilə sənaye tullantılarının azaldılması üçün “Sakuraz Green Energy” hazırda telekommunikasiya və sənayedə istifadə edilən ağır batareyaların enerji tutumunu yenidən bərpa edir: “Telekommunikasiya batareyalarının enerji tutumu faizi azalanda onları 3 gün ərzində bərpa edir, 3 gündən sonra sifarişçiyə təhvil veririk. Bu batareyaları yalnız bir dəfə bərpa etmək mümkündür. Ağır batareyalara, məsələn, bağlı anbarlarda istifadə olunan avadanlıqların üzərindəki batareyalara vaxtında düzgün servis xidməti göstərilərsə, onları bir necə dəfə bərpa etmək olar”.
T.Məmmədzadə deyir ki, bu sahə yeni olduğundan Azərbaycanda iş adamları enerji tutumu zəifləmiş batareyaların bərpa edilərək yenidən istifadəsinə ehtiyatla yanaşırlar. Bu isə şirkətin işində bir qədər çətinlik yaradır.

T.Məmmədzadə vurğulayıb ki, hazırda şirkətin telekommunikasiya batareyalarının bərpası üzrə aylıq istehsal gücü 600 ədəddir. Apreldə bu göstəricini 1.200-ə yüksəltmək planlaşdırılıb. Ay ərzində 15 ədəd ağır batareya bərpa edə bilirlər ki, bunun da apreldə 35-ə qaldırılması nəzərdə tutulur.

Hazırda potensiallarının 30 faizini reallaşdıra bildiklərini deyən sahibkar əlavə edir ki, bərpa üçün gətirilən batareyaların tərkibində 12, 24 və daha çox element olur. Onların bir neçəsi sıradan çıxdıqda batareyanı yenisi ilə əvəz etmək lazım gəlir: “Amma bəzən bütün elementlər sıradan çıxmış olur. Bu zaman müştərilər yeni batareya almalı olurlar. Biz hazırda müştərilərə yeni batareyalar təqdim etmirik, amma ilin sonuna kimi bu istiqamət üzrə də fəaliyyətə başlamaq istəyirik. Yeni batareyaların istehsalına başlamaq bizim üçün bir qədər tezdir. Buna görə də ilkin mərhələdə batareyaların elementlərini xaricdən gətirəcəyik, digər komponentlər özümüzdə olduğuna görə onları burada özümüz yığacayıq. Bu halda onlar bərpa edilmiş batareya deyil, yeni batareya olacaq. Bu, xaricdən gətirilən yeni batareyalardan qat-qat ucuz başa gələcək”.

İlhamə İSABALAYEVA