Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Bu aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Aqroparkların ümumi layihə dəyəri 2,4 mlrd. manat təşkil edir, bunun da artıq 1,4 mlrd. manatı layihələrin reallaşdırılmasına yatırılıb.
Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4600-dən çox insan daimi işlə təmin edilib, 5200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 4700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2021-2022-ci illərdə aqroparkların əkin dövriyyəsinə cəlb olunmuş 127,2 min hektar torpaq sahəsinin 80,1 min hektarı suvarılan ərazilərdir ki, bunun da 55,4 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulub.
Aqroparkların 8256 min hektar ərazisində yeni intensiv və superintensiv meyvə bağları salınıb.
2022-ci ildə aqroparklarda 152 min ton buğda, 71 min ton arpa, 70 min ton dən qarğıdalı, 177 min ton şəkər çuğunduru, 26 min ton kartof, 1,9 min ton soya, 31 min ton pambıq, 57 min ton silos üçün qarğıdalı və 18 min ton yonca istehsal olunub.
İnnovativ texnologiyalar tətbiq edən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha, qarğıdalı üzrə 12-15 ton/ha, şəkər çuğunduru üzrə isə 80 ton/ha təşkil edib. Bundan əlavə, aqroparklarda taxıl məhsullarının tədarükü, saxlanması və satışı üçün 493 min kub metr tutumunda taxıl anbarı kompleksləri mövcuddur ki, bu da ölkədə olan müasir taxıl anbarlarının 24%-ni təşkil edir.
Fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Bu aqroparklarda 2022-ci ildə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub.
Aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir. Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib.
Bunlarla yanaşı, ötən il dövlət tərəfindən aqroparkların yaradılması üzrə işlər də davam etdirilib. Belə ki, “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 100-dən artıq kiçik və orta fermerlərin cəlb olunması ilə Yevlax Pilot Aqroparkı yaradılıb. Aqroparka 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən dən çox işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Artıq Yevlax Pilot Aqroparkın ilk rezidenti olan “İSFA” MMC-yə ayrılmış ərazinin 10 hektarında müasir suvarma sistemlərinin tətbiqi ilə tez yetişən gilas, nektarin, şaftalı, alça və ərik tingləri, həmçinin tingçilik üçün ayrılmış ərazidə 500 min ədəd tingin calaqaltısı əkilib. “İSFA” MMC daxili bazarda satış ilə yanaşı, ting ixracını da həyata keçirəcək.
Sabirabad rayonunda “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterinə inteqrasiyası” layihəsi çərçivəsində yeni pilot aqroparkların yaradılması üzrə işlər davam etdirilir. Aqroparkda 41 milyon manat özəl investisiyanın qoyulması ilə 725 işçinin işlərə cəlb edilməsi nəzərdə tutulur.