Özbəkistan və Cənubi Koreya vergi sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlib

2019.05.19 17:27 (UTC+04:00)

Koreya Respublikasının Milli Vergi Xidmətinin nümayəndələri işgüzar səfər çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində olub. Tərəflər kadrların hazırlanması və informasiya təminatı sahəsində mümkün variantları müzakirə ediblər. Görüş zamanı bu ölkələrin vergi sistemləri barədə təqdimatlar edilib və hər bir ölkənin təcrübəsi və tələbləri nəzərə alınmaqla qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıq iştirkaçıları etiraf ediblər ki, bütün dövlətlər üçün ideal və universal vergi sistemi mövcud deyil. Bununla belə, ölkələrin böyük əksəriyyəti üçün məqbul olan prinsip və mexanizmlər var. İstənilən vergi strukturu üçün başlıca prinsip isə ödənişlərin ədalətli və rasional bölgüsüdür. Görüşün yekununda tərəflər arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Özbəkistanda başlanılan genişmiqyaslı vergi islahatları çərçivəsində ödənişlərin ayrı-ayrı növləri optimallaşdılıb, bir sıra vergi növləri üzrə dərəcələr nəzərdən keçirilib, hüquqi və fiziki şəxslərin qeydiyyat qaydaları sadələşdirilib.