Məcburi ehtiyat normalarına dair yeni qərar qəbul edilib

2023.02.01 10:54 (UTC+04:00)

Son proqnozlara əsasən, 2023-cü ildə cari hesabın profisitli olacağı gözlənilir. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında məlumat verilib. Bildirilib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır:

“Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir” – deyə Mərkəzi Bankdan bildirilib.

2022-ci ildə əhalinin nominal gəlirlərinin 20%-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər.

İnflyasiya mühitində Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır. 2022-ci ilin sentyabrından başlayaraq yeni pul siyasəti alətlərinin tətbiqi nəticəsində həm təminatlı, həm təminatsız banklararası bazarda ilk dəfə olaraq qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb. Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm yenidən baxır. Pul siyasətinin sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi 2022-ci ildə manatla pul bazasının artım tempini 10.2 faiz bəndi azaldaraq 12.1%-ə endirib.

Mərkəzi Bankdan onu da bildiriblər ki, ötən ilin son ayında pul təklifinin artım tempinin yüksəlməsi əsasən fiskal əməliyyatlarla bağlı olub: “Ötən il məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makroprudensial tələblərin sərtləşdirilməsi kredit aktivliyinin məhdudlaşmasına imkan vermişdir. Nəticədə 2022-ci ildə istehlak portfeli üzrə orta aylıq artım tempi iyul ayından sonra 2.3%-dən 1.6%-ə azalıb. Faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair yeni qərar qəbul edilib”.