Böyük Britaniyanın dövlət naziri vergidən yayındığına görə vəzifəsindən azad edilib

2023.01.31 13:25 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının rəhbəri Nadhim Zahavini dövlət naziri vəzifəsindən kənarlaşdırıb. Rusiyanın "Kommersant" qəzetinin məlumatına əsasən, buna səbəb kimi Nadhim Zahavinin nazirlik məcəlləsinin tələblərinə əməl etmədiyi, onun barəsində vergi məsələləri ilə bağlı təhqiqat işinin aparıldığı barədə məlumat vermədiyi göstərilib.

"Müstəqil məsləhətçinin hər ikimizlə bölüşdüyü araşdırmanın tamamlanmasından sonra məlum oldu ki, nazirlik məcəlləsinin ciddi şəkildə pozulmasına yol verilib", - Rişi Sunakın sabiq dövlət nazirinə göndərdiyi məktubda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin yanvarında məlum olub ki, Nadhim Zahavi vergidən yayındığına görə dövlət büdcəsinə bir neçə milyon funt-sterlinq vəsait ödəməyə razılaşıb. O, cəriməni mülki barışıq sazişi çərçivəsində ödəyib.