Kriptovalyuta birjasının rəhbərləri həbs edilib

2023.01.30 17:31 (UTC+04:00)

“Europol”un koordinasiyası ilə həyata keçirilən “çirkli pulların yuyulması” əməliyyatında “Bitzlato” kriptovalyuta birjasının yüksək səviyyəli rəhbərləri də daxil olmaqla 5 nəfər saxlanılıb. Ümumi dəyəri 50 milyon avro olan 100-dən çox kripto hesabı isə dondurulub.

Avropa Polis Xidmətindən (“Europol”) verilən yazılı açıqlamada Honq-Konqda qeydiyyatdan keçmiş “Bitzlato” kriptovalyuta birjasının qanunsuz vəsaitləri Rusiya rubluna çevirərək çirkli pulların yuyulmasına şərait yaratdığı bildirilib.

Açıqlamada Belçika, Portuqaliya, İspaniya, Hollandiya və Cənubi Kipr təhlükəsizlik orqanlarının dəstəyi ilə ABŞ və Fransa polislərinin həyata keçirdiyi əməliyyatda “Bitzlato”nun rəhbərinin ABŞ-da, icraçı direktorunun, maliyyə direktorunun və marketinq direktorunun İspaniyada, daha bir yüksək vəzifəli rəhbərinin isə Cənubi Kiprdə saxlanıldığı bildirilib.

Açıqlamada qeyd edilib ki, əməliyyat çərçivəsində 18 milyon avro dəyərində aktivə həbs qoyulub, ümumilikdə 50 milyon avro dəyərində 100-dən çox kriptovalyuta hesabı dondurulub.

Açıqlamada “Bitzlato” üzərindən aparılmış 2,1 milyard avroluq əməliyyatların 46 faizinin qeyri-qanuni vəsaitlərlə həyata keçirildiyi vurğulanıb.

Göstərilib ki, əsasən kiber fırıldaqçılıq, çirkli pulların yuyulması, təhrikedici proqramlar və uşaq istismarı cinayətlərindən əldə edilən qeyri-qanuni vəsaitlərin həcmi təxminən 1 milyard avro təşkil edir. Bundan əlavə, “Bitzlato”nun Fransada qeydiyyatdan keçmiş bir şirkətdən icarəyə götürdüyü internet saytı da bağlanılıb.