2022-ci ilin dekabr ayında ölkəmizdə aparılmış nağdsız əməliyyatların həcmi əvvəlki ilin dekabrı ilə müqayisədə 2 dəfə artıb. Hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib ki, bunun da 2313 mln. manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2,7 mln. manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Ay ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumilikdə kart əməliyyatlarının 46,9%-ni təşkil edib.
Nağdsız ödənişləri stimullaşdıran tədbirlər
Son illər ölkəmizdə nağdsız əməliyyatların təşviqi, elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal mexanizmlərin tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Nağd pul dövriyyəsinin həcmini azaltmaq və nağdsız alış-verişin əhatə dairəsini genişləndirmək iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar arasında mühüm yer tutur. Nağdsız ödənişlərin həcminin artması dövriyyələrin şəffaflaşmasına, ödənişlərin leqal aparılmasına və təhlükəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsinə töhfə verir. “ƏDV geri al” layihəsi (https://www.taxes.gov.az/az/page/edv-geri-al) bu istiqamətdə həm stimullaşdırıcı, həm də novator layihə kimi qiymətləndirilir. İnkişaf etmiş ölkələrin elektron pul təcrübəsindən fərqli olaraq, Azərbaycanda nağdsızlaşdırma istiqamətində atılan ən ciddi addımlardan biri kimi “ƏDV geri al” layihəsi sahibkarlıq mühitində innnovativ imkanlar yaradıb. Layihə, həmçinin, ictimaiyyət tərəfindən də yüksək dəstək alır. Qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox, ötən il isə 190 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 36,9 faizdən çoxdur. Ötən il layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77,5% çoxdur.
İctimai iştirakçılıq, şəffaf dövriyyə, artan gəlirlər
“ƏDV geri al” layihəsinin icrası nəticəsində illərdir istehlak bazarında mövcud olan ən ciddi nöqsanlardan biri – alıcıların çek tələb etməməsi, satıcının çek təqdim etməməsi və ümumiyyətlə, kassa çekinin tələb olunmasının diqqətdən kənarda qalması kimi məsələlər öz həllini tapır. Hər dəfə alış-veriş edən şəxs “ƏDV geri al” mobil tətbiqində vəsaitin artdığını gördükcə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) mövcud olduğu obyektlərə üstünlük verir. Təsadüfi deyil ki, İqtisadiyyat Nazirliyi yanıında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur. Getdikcə yeni nəsil NKA ilə təmin edilən mağazaların sayı daha da artacaq. Bu aparatlar, istehlakçılarla yanaşı, sahibkarlar üçün də sərfəlidir – təbii ki, daha çox müştəri cəlb etmək onların da marağındadır. Bu sistem, həmçinin, müasir nəzarət mexanizmlərinin tətbiqi baxımından da faydalıdır. Kassa əməliyyatları haqqında məlumatların real vaxt rejimində ötürülməsi prosesin sürətli və sistemləşdirilmiş qaydada aparılmasına imkan verir. Bu isə hesablaşmaların şəffaflığına, dövriyyəyə nəzarətin təkmilləşdirilməsinə və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına səbəb olur. 2022-ci il ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan artıq olub ki, bu da 2021-ci illə müqayisədə 26,6 faiz çoxdur. Bu isə layihənin “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasında effektiv rol oynaması ilə bağlı hədəfə çatmaqda əldə edilmiş səmərəli nəticələrdən biridir.
Nağdsız ödənişlərin əhatə dairəsi genişlənir
Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də “ƏDV geri al” layihəsi ilə bağlıdır. Belə ki, 2023-cü il yanvarın 1-dən etibarən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı"nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır. Bununla yanaşı, Vergi Məcəlləsində edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin də istehlakçılara geri qaytarılması həyata keçiriləcək. Bu ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.
“ƏDV geri al” layihəsinin əhatə dairəsinin daha da genişlənməsinə xidmət edən tədbirlər nəticəsində əldə olunmuş uğurlara əsaslanaraq növbəti addımların atılması bu prosesin məntiqi davamı və nağdsız əməliyyatların artmasına təkan verən ciddi stimuldur.
Gülay NƏBİYEVA