Bu ilin mart ayında Ağdamda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək zavodun tikintisinə başlamaq nəzərdə tutulur.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Ağdam Sənaye Parkının rezidenti “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.
Onun sözlərinə görə, bu zavod Azərbaycanda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək ilk müəssisə olacaq. Zavodun tikintisinin təxminən 7 aya başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərinin aparılması zamanı yerli xammaldan istifadə ediləcək ki, bu da işlərin daha qısa zaman ərzində başa çatdırılmasına imkan verəcək.
N.İbadova əlavə edib ki, indiyədək “Rail Trans Service” MMC dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edib. Zavod fəaliyyətə başladıqdan sonra isə bu məhsulların idxal edilməsinə ehtiyac qalmayacaq.
“Made in Azerbaijan” brendi altında istehsal olunacaq yerli məhsulların sifarişlərdən asılı olaraq Rusiya və Avropaya da ixrac edilməsi planlaşdırılır. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir.
Hazırda zavodun fəaliyyətə başlaması üçün layihələndirmə işləri aparılır. Layihəyə təqribən 5 milyon 700 min manat investisiyanın yatırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Rail Trans Service” Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.