İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsinin (ümumi investisiya dəyəri 20 milyon manatdan çox) illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir.
Müəssisə fəaliyyətə başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq xarici ölkələrə - Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib.
“Glassica” QSC hazırda Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni ödəyir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha bir müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan tələbat tam ödəniləcək.
Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bugünədək 3 milyon ədəddən çox butulka istehsal edilib.