Nəhəng şirkətlər Almaniyanı tərk edir

2023.01.26 13:25 (UTC+04:00)

Almaniyada bürokratiyanın ləng işləməsi, ağır vergilər və ixtisaslı kadr çatışmazlığı səbəbindən bir çox fabriklər, elmi-tədqiqat müəssisələri və alimlər Almaniyanı tərk edirlər.

Almaniya mətbuatında bütün dünyada keyfiyyət nişanı kimi qəbul edilən “Made in Germany” brendinin sonunun çatdığı barədə yazılar nəşr edilib. "Made in Germany” başa çatır" başlıqlı xəbərdə deyilir: "Şirkət, fabrik və araşdırma qurumları hər il ofislərini xaricə köçürürlər. Nəhayət, bütün dünyada heyranlıq doğuran “BioNTech” də xərçəng xəstəliyinin müalicəsi ilə bağlı araşdırmalarını Almaniyanın Mayns şəhərindən İngiltərəyə aparır. Xəbərdə köçə səbəb kimi Almaniya bürokratiyasının yavaş irəliləməsi göstərilib. Bununla belə, “BioNTech” kimi qurumların ölkəni tərk etməsinin Almaniya üçün qorxulu olduğu vurğulanıb.

“BioNTech”in qurucularından Özlem Türeci dərmanların istehsal üçün hazırlanması baxımından şirkətlər və səlahiyyətli qurumlar arasında əlaqənin İngiltərədə daha əlverişli olduğunu və İngiltərədə bu prosesin daha sürətli gedəcəyini bildirib. Ö.Türeci müxtəlif sahələrdə müasir imkanların vacib olduğunu, müvafiq qayda və direktivlərin Almaniyada yavaş işlədiyini, buna görə də İngiltərəni seçdiklərini açıqlayıb.

Almaniyadan ayrılmağa hazırlaşan daha bir əczaçılıq nəhəngi isə “Bayer”dir. Avropanın innovasiyalar üçün uyğun olmadığını əsas gətirən əczaçılıq nəhəngi Çinə və ABŞ-a köçməyi planlaşdırır. Kimya nəhəngi BASF isə enerji xərcləri, vergilərin azaldılması və hökumətin təşviqləri fonunda Çinin cənubundakı Çzanşnyanda yeni zavod tikir. Bununla BASF-ın Lüdviqşafendəki müəssisəsində 39.000 işçi işsiz qala bilər.