Müəssisənin nizamnamə fonduna pay şəklində əsas vəsaitin qoyuluşu ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək VİDEO

2023.01.26 11:37 (UTC+04:00)

Məlum olduğu kimi, Vergi Məcəlləsinə əsasən, idxal edilən əmlak istisna olmaqla, müəssisənin nizamnamə kapitalına pay şəklində hər hansı əmlakın qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilirdi. Eyni zamanda, Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, ƏDV-dən azad edilən, yaxud ƏDV-yə cəlb olunmayan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər və xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Bu baxımdan, Vergi Məcəlləsinin tələblərinə əsasən, aktivin nizamnamə kapitalına qoyulduğu zaman həmin aktivə görə ödənilib əvəzləşdirilmiş ƏDV məbləğlərinin yenidən dövlət büdcəsinə bərpa olunması təmin edilirdi.

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, ƏDV ödəyiciləri tərəfindən aparılan belə əməliyyatlar üzrə vergi ödəyicisinin vergi yükünün azaldılması və investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitlərin qoyulması ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək. Belə ki, əsas vəsaitlərin pay şəklində qoyuluşu onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda, qeyd olunan əməliyyat ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək.