Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin 4 ayında Azərbaycana səfər edənlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Bu dövrdə ölkəmizə gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb. Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana səfər edənlərin sayı 7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282 min nəfər olub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edir.
2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfər olub. Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib. Onların 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb. Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 83,7 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.