Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin- qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. 2023-cü il yanvarın 1-dən aylıq vəzifə maaşları artırılıb.
Ali kateqoriya dövlət orqanlarında aylıq əməkhaqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Millət vəkili Vüqar Bayramov bildirib ki, əməkhaqqında artımla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək: “Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, əlavə maaşlar il ərzində 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”.