Bəzi vergi ödəyicilərinin sənədləşmələr üzrə inzibatçılıq yükü azaldılıb VİDEO

2023.01.25 12:32 (UTC+04:00)

Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar malların idxal olunacağı tarixədək vergi orqanına təqdim edilməlidir. Dəyişikliyin məqsədi idxal əməliyyatları həyata keçirən, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədilə idxal olunan malların sifarişçiləri, habelə həmin malların saxlanc yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumatın verilməsidir.

Bununla belə, vergi ödəyicilərinin inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasını təqdim edən subyektlərin dairəsində dəyişiklik edilib. Belə ki, "Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş vergi ödəyicilərinin vergidən yayınma riskinin az olması nəzərə alınmaqla, əlavə sənədləşmə üzrə inzibatçılıq yükünün artmasının qarşısının alınması üçün həmin şəxslər tərəfindən idxal ediləcək mallar barədə məlumatların vergi orqanına təqdim olunması tələbi istisna edilib. Həmçinin, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, idxal edilən malların qeydiyyatda olan həmin obyektə aparılması kimi qiymətləndirilməsi və məlumat formasının təqdim olunmaması müəyyən edilib. Digər vergi ödəyiciləri tərəfindən isə həmin məlumatların təqdimolunma müddəti artırılıb, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların isə gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim olunması ilə bağlı dəyişiklik edilib.