Safiddin Jurayev: “Özbəkistan Azərbaycanda pambıq emalı zavodu tikməyi planlaşdırır” MÜSAHİBƏ

2023.01.26 10:26 (UTC+04:00)

- Cənab Jurayev, Özbəkistanla Azərbaycan arasında iqtisadi münasibətlərdə hansı tendensiyaları daha vacib hesab edirsiniz?

- Bu gün iki dövlət arasında ikitərəfli və çoxtərəfli əlaqələr strateji tərəfdaşlığın yeni inkişaf səviyyəsinə qədəm qoyub. Özbəkistan-Azərbaycan münasibətləri iki tərəfdaş və dost arasında dinamik münasibətlərdir. Bu cür qarşılıqlı fəaliyyətin əsasını 130-dan çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sazişdən ibarət genişmiqyaslı müqavilə - hüquqi baza təşkil edir.

Bununla yanaşı, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün əsas vektoru müəyyən edən əlamətdar və tarixi hadisə liderlər tərəfindən Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın qurulması haqqında qəbul edilmiş Bəyannamədir. Bəyannamə çərçivəsində iki dövlət arasında qarşılıqlı fəaliyyətin 40-a yaxın sahəsini əhatə edən sənədlər imzalanıb. İki dövlətin liderləri arasında sıx və etibarlı dialoqun qurulması mühüm amildir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə iki dövlət arasında əməkdaşlığın möhkəmlənməsi üçün güclü zəmin yaranmışdı. Prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyevin səyləri sayəsində bu əməkdaşlıq daha dinamik və intensiv xarakter alıb.

İki xalqı ortaq mədəni və tarixi dəyərlər birləşdirir. Dostluq münasibətləri, qarşılıqlı anlaşma, xoşməramlılıq bu gün də qorunub saxlanılır və inkişaf etdirilir. Bu gün Özbəkistanda 40 minə yaxın azərbaycanlı yaşayır. Respublikada yaşayan azərbaycanlıların milli adət-ənənələrinin və dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Fikrimcə, dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat-tranzit potensialından səmərəli istifadə və mədəni-humanitar əlaqələrin inkişafı daha böyük aktuallıq kəsb edir.

Dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın, sənaye kooperasiyasının
genişləndirilməsi, nəqliyyat-tranzit potensialından səmərəli istifadə və
mədəni- humanitar əlaqələrin inkişafı daha böyük aktuallıq kəsb edir

- Özbəkistan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorların diqqətini cəlb edə bilər?

- Dayanıqlı iqtisadi artımın təmin edilməsində Özbəkistan və Azərbaycanın baxışları üst-üstə düşür. Ona görə də iqtisadi diplomatiya fəal şəkildə inkişaf edir. Bu istiqamətdə neft-qaz, neft-kimya sənayesi, enerji, əczaçılıq, tikinti materialları, şərabçılıq, qida, toxuculuq və zərgərlik sahələri daha perspektivlidir.

Son beş ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsində müsbət tendensiya müşahidə olunur. Ticarət dövriyyəsi təxminən 7 dəfə artıb - 2016-cı ildəki 17,1 milyon dollardan 2021-ci ildə 118,8 milyon dollara çatıb. 2021-ci ildə 64,1 milyon dollar Azərbaycan sərmayəsi cəlb edilib. Son illərdə birgə müəssisələrin sayı dörd dəfə artıb. Hazırda Özbəkistanda Azərbaycan kapitallı 238 müəssisə fəaliyyət göstərir.

Öz növbəsində Azərbaycanda Özbəkistanın 53 şirkəti fəaliyyət göstərir, onların iştirakı ilə çoxsaylı layihələr həyata keçirilir. Uğurlu misal kimi Özbəkistan avtomobillərinin və avtobuslarının birgə istehsalının başlanmasını qeyd etmək olar. Kənd təsərrüfatı, xüsusilə toxumçuluq sahəsində də əməkdaşlıq qurulub. Azərbaycanda özbək pambığının bir sıra sortlarının becərilməsi sınaqdan keçirilir. Özbəkistanda isə Azərbaycanın məhsuldar fındıq sortları tinglərinin yetişdirilməsi nəzərdə tutulur.

Özbəkistan Azərbaycanda pambıqtəmizləmə sistemləri üzrə aparıcı Özbəkistan istehsalçısı "Paxtamaş"ın ən son texnoloji xətti ilə tam təchiz olunacaq pambıq emalı zavodu tikməyi planlaşdırır.
Hər iki ölkə kifayət qədər böyük mineral-xammal bazasına, sənaye üstünlüklərinə, xarici tərəfdaşlarla uğurla işləməyə şərait yaradan infrastruktur imkanlarına, eləcə də davamlı şaxələndirilmiş iqtisadiyyata malikdir.

Hər iki ölkə kifayət qədər böyük mineral-xammal bazasına, sənaye
üstünlüklərinə, xarici tərəfdaşlarla uğurla işləməyə şərait yaradan infrastruktur
imkanlarına, eləcə də davamlı şaxələndirilmiş iqtisadiyyata malikdir

- Özbəkistan uzun müddət Böyük İpək Yolunun əsas ölkələrindən biri olmuşdur. Ölkənizin “Bir kəmər, bir yol” layihəsində iştirakını necə görürsünüz?

- Özbəkistanın xarici siyasət strategiyasını və prioritetlərini ölkənin milli maraqları və dünyada baş verən yeni transformasiyalar müəyyən edir. Geosiyasi, iqtisadi, iqlim və ekoloji dəyişikliklərin nəticələrinin aradan qaldırılmasında birgə yanaşmalar və səylər xüsusi əhəmiyyət daşıyır. Səmərəli regional diplomatiyanın aparılması, Mərkəzi Asiyada əlverişli siyasi atmosferin yaradılması, region dövlətləri ilə konstruktiv dialoqun və qarşılıqlı faydalı tərəfdaşlığın qurulması, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi - bunlar Özbəkistanın xarici siyasətinin mühüm istiqamətləridir.

Özbəkistan “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldən dəstəkləyib. O, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üzrə prioritet vəzifələrin icrasına nail olmaq, Mərkəzi Asiyaya hərtərəfli müsbət təsir göstərə biləcək ən mühüm nəqliyyat və infrastruktur layihələrini həyata keçirmək baxımından meqa layihədə iştirak edir.

Qeyd edək ki, Özbəkistanın “Bir kəmər, bir yol”a yanaşması ölkəmizin Pekinlə hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əsas prioritetləri ilə üst-üstə düşür. Bu gün Özbəkistan regional əlaqə və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platformaya çevrilmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı daha da artırmaq niyyətindədir.
Bu, yeni reallıqlarda yük axınlarının fasiləsiz sisteminin təmin edilməsinə, sərhəd məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına, “yaşıl dəhlizlər” sisteminin təkmilləşdirilməsinə, beynəlxalq avtomobil və dəmir yolu daşımalarının artırılmasına əlverişli şərait yaradacaq.

Tamilla MƏMMƏDOVA