Elnur Şükürov: “Azərbaycanın kənd təsərrüfatı məhsulları BƏƏ-də keyfiyyəti ilə tanınır” MÜSAHİBƏ

2023.01.25 10:03 (UTC+04:00)

- Elnur müəllim, Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyinin fəaliyyəti hansı istiqamətləri əhatə edir?

- Ticarət Nümayəndəliyi aparatının əsas fəaliyyəti BƏƏ bazarını araşdırmaq, ixrac potensiallı məhsullarımızı bu bazarda tanıtmaq və onların təşviqatını aparmaq, iki ölkənin sahibkarları arasında əlaqələndirməni həyata keçirmək, müxtəlif sərgilərdə və tədbirlərdə iştirak etmək və digər məsələlərdir. İndiyədək BƏƏ də daxil olmaqla Körfəz ölkələrinin bazarı araşdırılıb: bazarın tələbi nələrdir, hansı tip məhsullara ehtiyac var, ölkəmizin hansı məhsulları üçün BƏƏ və Körfəz regionu potensial ixrac bazarı hesab olunur? AZPROMO-nun dəstəyi ilə hər il ən böyük qida sərgisi olan “Gulfood” sərgisi kimi müxtəlif sərgilərdə iştirak etmişik. KOBİA-nın dəstəyi ilə 3 il ərzində “Global Village” satış yarmarkasında Azərbaycan pavilyonu fəaliyyət göstərib. Ticarət Nümayəndəliyi aparatının dəstəyi ilə müxtəlif şirkətlər fərdi qaydada sərgilərə cəlb olunub. Şirkətlərin müraciəti əsasında BƏƏ-də fəaliyyət göstərən distribütor şirkətləri ilə əlaqələndirmələr aparılıb, onlayn və fiziki qaydada görüşlər təşkil edilib. 2018-2019-cu illərdə Azərbaycan sahibkarlarının iştirakı ilə Şarja, Əbu-Dabi şəhərlərinə, Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərinə, 2019-cu ildə Dubay şəhərinə ixrac missiyası təşkil edilib. Təkcə bu faktı qeyd edim ki, 2019-cu ildə Ticarət Nümayəndəliyi və AZPROMO-nun birgə təşkilatçılığı ilə Dubaya ixrac missiyası zamanı 240-a yaxın ikitərəfli (B2B) görüş keçirilib. 2019-cu ildə Ticarət Nümayəndəliyinin dəstəyi ilə Dubayda Azərbaycan Ticarət Evi açılıb.

Azərbaycan daha çox çeşiddə və miqdarda məhsullarının BƏƏ-yə ixracı
üçün böyük potensial var və bu potensialın reallaşdırmağa çalışırıq

- BƏƏ ilə hazırkı ticarət dövriyyəsi iki ölkənin mövcud iqtisadi potensialını əks etdirirmi?

- Bu istiqamətdə çox irəliləyişlər əldə edilib. BƏƏ bazarı beynəlxalq rəqabətli bazardır. Dünyanın az qala bütün ölkələrindən buraya hər növ məhsul ixrac olunur. İstənilən məhsul bu ölkəyə fərqli vaxtlarda və fərqli ölkələrdən gətirilir. Amma bizim məhsullarımız, əsasən də kənd təsərrüfatı məhsullarımız BƏƏ-də keyfiyyəti ilə tanınır. Orada müxtəlif dequstasiya tədbirləri keçirmişik.

İxracın genişləndirilməsi istiqamətində addımlar atılır. BƏƏ-nin Ticarət və Sənaye palataları, AZPROMO, KOBİA və Ticarət Nünayəndəliyi arasında mütəmadi məsləhətləşmələr aparılır. Bizim sahibkarlar BƏƏ-yə ixrac qaydaları barədə məlumatlandırılır. Məhsullarımızın BƏƏ-nin hipermarketlərində satılması üçün görüşlər keçirilir, eləcə də məhsullarımızın ixracı üçün BƏƏ-dəki distribütor şirkətləri görüşlərə cəlb olunur. Hipermarketlərdə məhsullarımızın marketinqinin aparılması, ölkədə tanıdılması istiqamətində işlər davam etdirilir və bu işlər daha da genişləndiriləcək. Ümumilikdə, daha çox çeşiddə və miqdarda məhsullarının BƏƏ-yə ixracı üçün Azərbaycanın böyük potensialı var və bu potensialı reallaşdırmağa çalışırıq.

Körfəz regionunun ən böyük qida sərgisi hesab olunan “Gulfood”
sərgisində hər il “Made İn Azerbaijan” brendi təqdim olunur

- Azərbaycan BƏƏ bazarına hansı növ məhsullarını təqdim edir?

- BƏƏ bazarına müxtəlif növ məhsullar, ilk növbədə qida məhsulları – meyvə-tərəvəz, çay, konservləşdirilmiş məhsullar və s. təqdim edilir. Ölkəmiz BƏƏ-də qida ilə bağlı müxtəlif sərgilərdə təmsil olunur, bu sərgilərdə məhsullarımıza böyük maraq göstərilir. Bununla yanaşı, qeyri-qida məhsullarımız da müxtəlif təşviqat tədbirlərində, ikitərəfli görüşlərdə, sərgilərdə təqdim olunur.

- “Made in Azerbaycan” brendi BƏƏ bazarında tanınırmı?

- BƏƏ bazarında “Made İn Azerbaijan” brendi kifayət qədər təşviq edilir. Sərgilərdə, pavilyonlarda Azərbaycan stendləri qurulur. Körfəz regionunun ən böyük qida sərgisi hesab olunan “Gulfood” sərgisində hər il “Made İn Azerbaijan” brendi təqdim olunur. Bundan başqa, bir sıra satış yarmarkalarında, məsələn, “Global Village”də məhsullarımızın nümayişi və satışı həyata keçirilir. Cari ildə və qarşıdan gələn illərdə Səudiyyə Ərəbistanı Krallığında keçiriləcək sərgilərdə təmsil olunmaq barədə danışıqlar və məsləhətləşmələr aparılır.

İlhamə İSABALAYEVA