Yeni zəfəran məhsullarının istehsalı planlaşdırılır

2023.01.24 14:05 (UTC+04:00)

Azərbaycanda zəfəran mürəbbəsi və limonadının istehsalı məqsədilə iki yeni zavodun tikilməsi üçün 2,5-3 milyon dollar investisiya tələb olunur.

BunuAzərbaycan iqtisadiyyatı” Teleqram kanalına ölkənin ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.

Onun sözlərinə görə, zavodların tikintisinə yeni alıcılar tapıldıqdan və rəsmi satış müqavilələri imzalandıqdan sonra başlamağı planlaşdırırlar.

X.Cəfərov əlavə edib ki, 2018-ci ildə şirkət dünyada, o cümlədən Azərbaycanda ilk dəfə olaraq zəfəran mürəbbəsinin patentini alıb: “Biz zəfəran limonadı və zəfəranlı plombir dondurmanı da eksperiment olaraq hazırlamışıq. Bu məhsullar alıcılar tərəfindən çox böyük maraqla qarşılandı. Ancaq onların yenidən hazırlanması üçün bizə əlavə maliyyə vəsaiti lazımdır”.

X.Cəfərov yeni zəfəran məhsullarının hazırlanmasının da nəzərdə tutulduğunu açıqlayıb.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.