Son vaxtlar daha çox Çindən, Avropa İttifaqından, eləcə də ayrı-ayrı ölkələrdən idxal edilən mallar üçün əlavə vergilər qoymaqla dünyanın iqtisadi gündəliyini həyəcana gətirən ABŞ Prezidenti Donald Tramp bu tendensiyanın əksinə addım atıb. Ağ evdən verilən yazılı açıqlamada bildirilib ki, ABŞ-ın Türkiyədən idxal etdiyi polad və polad məhsullarına tətbiq etdiyi verginin dərəcəsi 50 faizdən 25 faizə endirilib. Qeyd edək ki, bu verginin dərəcəsi əvvəllər də 25 faiz təşkil edirdi. Lakin Prezident D.Trampın qərarı ilə keçən ilin avqustunda artırılmış, bundan sonra isə Türkiyədən ABŞ-a idxal edilən polad məhsullarının həcmi əvvəlki illərlə müqayisədə 48 faiz azalmışdı.