İdxaldan asılılığı aradan qaldırmaq istiqamətində daha bir layihə reallaşdı

2019.05.17 12:40 (UTC+04:00)

Prezident İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və "Diamed" şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat veriblər.

Bildirilib ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə "Made in Azerbaijan" brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb, bu əlamətdar hadisə münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.