İqtisadiyyat üzrə Nobel mükafatçısı – Ceyms Mid

2023.01.29 12:00 (UTC+04:00)

İngiltərə iqtisadçısısı Ceyms Mid (James Meade) 1907-c ildə Dorset qraflığının Svanik şəhərində Çarlz Hippsli Mid ilə Ketlin Midin ailəsində dünyaya gəlib. Ənənəvi təhsil alandan sonra 1928-ci ildə yeni yaradılmış Oriel Kollecinin fəlsəfə, siyasət və iqtisadiyyat məktəbinə daxil olub, burada iqtisadiyyatı öyrənməyə başlayıb.

Onun iqtisad elminə marağı, özünün dediyi kimi, "gülünc və zərərli" adlandırdığı şeydən – müharibələr arasında İngiltərədəki işsizlik səviyyəsindən, eləcə də "çox sevdiyi, lakin bir qədər ekssentrik avantürist olan xalasının" təsirindən ilhamlanırdı. O, müasir iqtisadiyyatın xəstəliyinin yetərsiz alıcılıq qabiliyyətindən qaynaqlandığı nəzəriyyəsini irəli sürən ingilis iqtisadçısı Mayor Duqlasın davamçısı idi. M.Duqlas problemin həlli üçün qiymətlərə nəzarət etməyi və “sosial kredit”in istehlakçılara paylanması yolu ilə alıcılıq qabiliyyətini artırmağı təklif edirdi. Tezliklə M.Duqlasın ideyalarına marağı sönən Ceyms Mid diqqətini iqtisadi rifahın yaxşılaşdırılması siyasətlərinin işlənib hazırlanmasına yönəltdi.
O, 1930-cu ildə Oksford Universitetini bitirib.

Kembric Universitetinin aspiranturasında oxuyub və burada C.M.Keyns ətrafında formalaşan qrupa qoşulub. 1937-ci ildə Dünya İqtisadi Tədqiqatının redaktoru olub, İkinci Dünya müharibəsi başlayandan sonra hökumətin iqtisadiyyat üzrə müşaviri təyin edilərək Böyük Britaniyaya qayıdıb. Müharibə illərində Keynsin rəhbərliyi altında BVF və GATT layihələrinin hazırlanmasında iştirak edib, müharibədən sonra Leyboristlər Partiyasının qurduğu hökumətin müşaviri olub. 1947-1957-ci illərdə London İqtisadiyyat Məktəbinin professoru, 1957-1968-ci illərdə Kembric Universitetinin professoru olub. Təqaüdə çıxdıqdan sonra fəal elmi fəaliyyətini davam etdirib.

İlk dəfə olaraq beynəlxalq ticarət nəzəriyyəsini hazırlayan Ceyms Mid nəzəri maraqlarını iqtisadi siyasətin effektiv alətlərini yaratmaq istəyi ilə birləşdirmişdir. O, “Ödənişlər balansı” kitabında Tinberqenin işləyib hazırladığı prinsipə əsaslanaraq göstərirdi ki, daxili balans (tam məşğulluq) və xarici balans (tədiyyə balansı) məqsədlərinə nail olmaq üçün iqtisadi siyasətin hər iki alətindən istifadə etmək lazımdır. Onun nəzəriyyəsinə görə, daxili və xarici tarazlığa yalnız həm fiskal (tam məşğulluğu təmin etmək), həm də monetar (beynəlxalq kapital axınını cəlb etmək və ya dəf etmək) siyasəti tətbiq etməklə nail olmaq mümükündür.

“Ticarət və rifah” kitabında daxili bazarda mükəmməl rəqabətə malik olmayan ölkələrin rifahına beynəlxalq ticarətin təsirini göstərmişdir. Onun qənaətinə görə, əgər optimala nail olmaq üçün lazım olan şərtlərə əməl edilməzsə, azad ticarətə doğru gediş dağıdıcı ola və rifahı poza bilər. Üstəlik, ticarətin qarşısında maneələr yüksək olduqda əla yaxşının düşməninə çevrilə bilər.
Ceyms Mid milli gəlirin hesablanması, məşğulluq, beynəlxalq ticarət, gömrük ittifaqları və tarifləri, gəlirlərin bölüşdürülməsi, qiymətlərin müəyyən edilməsi və vergitutma ilə bağlı əsərləri ilə tanınır. Alim “staqflyasiya” nəzəriyyəsinin müəllifidir.

Ceyms Mid 1977-ci ildə "beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkəti nəzəriyyəsinə verdiyi qabaqcıl töhfələrə görə" Nobel mükafatına layq görülüb.

Dünya iqtisadiyyat elminə cidd təsiri olan Ceyms Mid 1995-ci ildə vəfat edib.