Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC bu il zəfəran əkini sahələrini genişləndirəcək. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Absheron Saffron Ltd”nin təsisçisi Xəlil Cəfərov deyib.
Onun sözlərinə görə, bu il 16 hektar sahədə (ötən mövsümdən 6 hektar çox) zəfəran əkilməsi nəzərdə tutulur. Son mövsümdə zəfəran 20 hektarlıq ərazinin 10 hektarında əkilib.
X.Cəfərov qeyd edib ki, zəfəran əkini sahəsinə, adətən, orqanik gübrə verirlər, lakin son mövsümdə gübrə verilmədiyindən əvvəlki mövsümlə müqayisədə daha az – 25 kq zəfəran toplanılıb. Bundan əvvəlki mövsümdə toplanılan məhsul isə 28 kq olub.
Şirkət təsisçisi sifariş olacağı təqdirdə il ərzində 60-70 kq zəfəran istehsal edə biləcəklərini söyləyib.
Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində zəfəran əkir. Zəfəranın yığımı hər ilin noyabr ayında olur.