- Nüsrət müəllim, ölkəmizdə vətəndaşların əmək hüquqları hansı yaşdan yaranır və necə tənzimlənir?
Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Belə müqaviləni bağlayan işəgötürən İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. Həmin maddəyə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslərə 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslərə 3.000 manatdan 5.000 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Mülki Məcəlləyə görə 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır və onlar 18 yaşına çatdıqdan sonra tam fəaliyyət qabiliyyəti olan şəxslər hesab edilirlər. Ona görə də Əmək Məcəlləsində yaşı 18-dən aşağı olan şəxslərin əmək hüququ ilə bağlı müəyyən imtiyazlar nəzərdə tutulub.
Əmək Məcəlləsində yaşı 18-dən aşağı olan şəxslərin əmək
hüququ ilə bağlı müəyyən imtiyazlar nəzərdə tutulub
- 18 yaşına çatmamış uşaqlar valideynlərin icazəsi ilə işə cəlb olunarkən onlara əmək münasibətlərində hansı güzəştlər verilir?
Qeyd etdiyiniz kimi, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən aşağı olan şəxslərin əmək hüquqları ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və imtiyazları belə sıralamaq olar:
- yaşı 18-dən az olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir;
- yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər;
- yaşı 18-dən az olan işçilər attestasiyadan keçirilmir;
- yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər;
- yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir;
- yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir;
- peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.
Bunlardan əlavə, yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların
əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən
təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır
- 18 yaşdan aşağı olan şəxslərin əməyinin tətbiqi qadağan olunan sahələr hansılardır?
- Yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının dövriyyəsi ilə bağlı olan işlərdə işləməsi qadağan edilir. Bu siyahıya toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər iş yerləri də aiddir. Eləcə də icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin, habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 58 nömrəi qərarı ilə müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, yaşı 18-dən az olan işçilərin qanunla müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 18-dən az olan şəxslərin əmək şəraiti ağır, zərərli olan iş
yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı
işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında,
barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının
dövriyyəsi ilə bağlı olan işlərdə işləməsi qadağan edilir
- 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına hansı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər?
- Bununla bağlı qanunvericilikdə aşağıda göstərilən hədlər müəyyənləşdirilib:
- kişilərin başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
- qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
- bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
- 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yükqaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.
Fərqanə ALLAHVERDİQIZI