Aİ yaşıl texnologiyalarda Çindən asılılığı aradan qaldırmaq niyyətindədir

2023.01.23 13:15 (UTC+04:00)

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davos forumunda “Yaşıl kurs” sənaye planını təqdim edib. Bu planın subsidiyalar cəlb edilməsinə və 2050-ci ilə qədər Avropa İttifaqının (Aİ) iqlimə təsirinin neytrallaşacağına kömək edəcəyi nəzərdə tutulur.

Xanım fon der Leyen bildirib ki, Aİ yaşıl texnologiyalar, o cümlədən nadir torpaq elementlərinin tədarükü sahəsində 98% Çindən asılıdır, lakin bu “inhisarçılığı” aradan qaldırmaq niyyətindədir.
“Biz bilirik ki, mədən yanacağına əsaslanan iqtisadiyyat köhnəlməzdən əvvəl liderliyi ələ keçirmək üçün təmiz texnologiyaya və innovasiyaya investisiya qoymaq üçün kiçik bir fürsət pəncərəmiz var”, - xanım fon der Leyen qeyd edib.

Nadir torpaq elementləri skandium, itrium, lantan və lantanidlər daxil olmaqla 17 elementdən ibarətdir. Onlardan texnologiyanın müxtəlif sahələrində - radioelektronika, cihazqayırma, nüvə mühəndisliyi, maşınqayırma, kimya sənayesi, metallurgiya və s. istifadə olunur.