“Azertexnolayn” MMC bu il 2 ölkədə keçiriləcək beynəlxalq sərgilərdə iştirak etmək və məhsullarını ixrac etdiyi olkələrdə yeni satış kanalları açmaq hesabına ixrac payını artırmağı nəzərdə tutur.
“Azertexnolayn” MMC-dən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, bu il ərzində yeni ixrac istiqamətləri üzrə tanıtım işləri də planlaşdırırlar.
“Azertexnolayn” hazırda 62 çeşiddən çox sənaye məhsulunu, region və Avropa ölkələri daxil olmaqla, 19 dövlətə - Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, İtaliya, Avstriya, İsveçrə, Polşa, İsveç, Rumıniya, Çexiya, Norveç, Bosniya və Herseqovina, Estoniya, Finlandiya və Bolqarıstana ixrac edir.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Çuqun töküm zavodu fəaliyyət göstərir. 2022-ci ildə Polad boru, Polietilen məmulatlar və Çuqun töküm zavodlarının istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 85%, 25% və 36%-ə yüksəlib. Bununla yanaşı, ixrac gəlirlərində də 31% artım olub. 2023-cü ilin istehsal və satış göstəricilərinin cari ilin göstəricilərindən daha da yüksək olması gözlənilir.