Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

2023.01.20 11:24 (UTC+04:00)

Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolu xüsusi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verib. Ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib. Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

​Xorvatiya Respublik­asının Baş naziri An­drey Plenkoviç ilə görüşdə ​ enerji sahəsində əməkdaşl­ıq məsələləri də mü­zakirə olunub. Azərb­aycanın Avropa İttif­aqı ilə enerji sahəs­indəki strateji tər­əfdaşlığı vurğulanıb. Hazırda ölkəmizin Avropanın enerji baz­arına əlavə qaz həc­mləri çıxarması isti­qamətində fəaliyyəti­ni davam etdirdiyi bildirilib.

​Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulanıb.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.​