“Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, son bir neçə ildə ipək parçalar yalnız daxili bazarda hazır məhsul kimi – kəlağayı formasında satılıb. Son illər ərzində ilk dəfə olaraq 2022-ci ildə Azərbaycanın ipək parçası xaricə - İrana ixrac edilib. İran keçən il təxminən 369 min dollar dəyərində 8 tona yaxın Azərbaycan ipəyi alıb. Bu il də Azərbaycanın ipək parçasının İrana satılması planlaşdırılır.
2022-ci ildə Azərbaycanın xam ipək satışı 2021-ci ilə nisbətən azalıb. 2021-ci ildə satış səviyyəsinin yüksək olmasının əsas səbəbi həmin ildə iki ilin, yəni həm 2020-ci ildə istehsal olunmuş, lakin pandemiya səbəbindən ixrac edilməyən, həm də 2021-ci ildə istehsal olunmuş xam ipəyin xaricə satılmasıdır. Digər səbəb 2022-ci ildə xam ipəkdən başqa bir məhsulun - ipək parçanın hazırlanmasıdır.
“Azəripək” bu il ərzində, sifarişlərdən asılı olaraq, xam ipək, ipək parça, kəlağayı, şərf və s. istehsal edəcək. Builki istehsal həddinin keçənilki həddə saxlanılması proqnozlaşdırılır.
Xatırladaq ki, “Azəripək” MMC “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.