Azərbaycanda və Cənubi Qafqazda ilk şpris istehsalçısı olan “Diamed Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) istehsal gücü daxili bazarın tələbatını 30 faiz üstələyir.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Diamed Co” MMC-nin direktoru Samirə Hüseynova deyib.
Onun sözlərinə görə, hazırda istehsal etdikləri məhsullarla yalnız daxili bazarı təmin edirlər.
“Daxili bazarı məhsullarımızla tam təmin edirik. Xarici bazara isə hələ çıxmamışıq”, - deyən S.Hüseynova bildirib ki, zavod yeni açılanda 4 növ şpris - 2, 5, 10 və 20 millilitrlik (ml) şrpislər istehsal olunurdusa, indi daha çox çeşiddə şpris və digər tibbi məhsulların istehsalı həyata keçirilir. Zavod insulin şprisləri, 0,5 ml-lik, 1 ml-lik və 50 ml-lik şprislər, sistem şlanqları, kəpənəklər, infuziya dəstləri, yaxma çubuğu və s. istehsal edir.
Qeyd edək ki, 2019-cu ildə açılan “Diamed Co“ MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
