Güzəştli vergi tutulan ölkələrə edilən ödəmələrlə bağlı qanunvericilik təkmilləşdirilib

2023.01.26 12:20 (UTC+04:00)

Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə edilən dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrə edilən ödəmələrin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi ilə bağlı istisnalara daha bir istisna əlavə edilib:

"Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə)"

Qeyd edim ki, qeyri-rezidentin daimi nümayəndəliyi özünün xalis mənfəətini ana müəssisəsinə köçürə bilər. Həmin köçürmə, Vergi Məcəlləsinin 126-cı maddədinə əsasən, 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Bundan başqa, daha əvvəl ana müəssisə güzəştli vergi tutulan ölkədə yerləşirdisə, yaxud ana müəssisənin hesabı güzəştli vergi tutulan ölkədəki bankda idisə və ödəmə həmin hesaba edilirdisə, həmin ödəmədən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə vergi tutulurdu.

Beləliklə, Vergi Məcəlləsinin 126 və 125-1-ci maddələri müstəqil normalar olduğu üçün qeyri-rezident ana müəssisəsinə yuxarıda qeyd edilmiş hal üzrə köçürmələrdən 2 dəfə 10 faiz vergi tutulmalı olurdu.
Yeni dəyişikliklə bu hal aradan qaldırılıb. Həmin vəsaitlər Vergi Məcəlləsinin 125-1-ci maddəsi üzrə tutulmadan azad edilib. Məcəllənin 126-cı maddəsi üzrə tutulma isə qüvvədə qalıb.