Bu il Azərbaycanın şərab məhsullarının Türkmənistan və Özbəkistana ixrac edilməsinə başlamaq nəzərdə tutulur. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
Onun sözlərinə görə, hazırda yerli şərab məhsullarımız Orta Asiyada yalnız Qazaxıstan və Qırğızıstana ixrac edilir. Assosiasiya sədri Azərbaycan məhsullarının kifayət qədər böyük olan Özbəkistan və Türkmənistan bazarlarında da özünə yer tapa biləcəyinə əmin olduğunu bildirib.
E.Mədətov Azərbaycanın şərab məhsulları üçün əsas ənənəvi ixrac bazarının Rusiya olduğunu, “Made in Azerbaijan” brendi altında istehsal edilən şərab məhsullarının 80 faizinin həmin ölkənin bazarında satıldığını söyləyib.
O, Rusiya, Qazaxıstan və Qırğızıstandan başqa, digər ixrac bazarlarının Ukrayna və Belarus olduğunu açıqlayıb: “Təəssüf ki, pandemiya, Rusiya-Ukrayna müharibəsi ixraca böyük zərbə vurdu. Şərabçılıq sahəsində 48 faizdən 80 faizə qədər geriləmə olmuşdu. 2020-ci ildə olan geriləmə 2021-ci ildə sabit qaldı, 2022-ci ildə isə gözəçarpan irəliləyiş, artım müşahidə edildi”.
E.Mədətov bu il Çinə də şərab məhsulları ixracının bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan şərabları pandemiyaya qədər Çinə ixrac edilsə də, pandemiya başladıqdan sonra həmin istiqamət üzrə ixrac sıfıra endi: “Biz bu il həmin istiqamət üzrə ixracımızı bərpa etməyi planlaşdırırıq. Bundan başqa, Avropaya ixrac da bizim əsas hədəflərimiz sırasındadır. Sözsüz ki, Avropa bazarına böyük həcmdə məhsul ixracının olacağını gözləmirik. Bu istiqamət bizə biznes məqsədindən daha çox imic üçün lazımdır”.
E.Mədətov əlavə edib ki, Qarabağ bölgəsi sovet dövründən şərabçılıq üçün çox əlverişli ərazi sayılıb. Həmin ərazilərdə çoxlu sayda üzüm bağları, emal müəssisələri olub. Hazırda əsas məqsədlərdən biri bu bölgədəki üzüm bağlarının bərpasıdır.
Assosiasiya sədri 2021-ci illə müqayisədə üzüm istehsalında 1,7 faiz artımın olduğunu da nəzərə çatdırıb.