- Cənab Luka Bianko, Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı səviyyəsini öz ölkənizin iqtisadi maraqları mövqeyindən necə səciyyələndirərdiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərləri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Təsadüfi deyil ki, Prezident Əliyev Avropa İttifaqının digər ölkələrinə nisbətən İtaliyaya daha çox səfər edib. Mən iqtisadi əlaqələr baxımından, ilk növbədə, Prezident İlham Əliyevin TAP kəmərinin qaz təchizatı gücünün yaxın illərdə iki dəfə artırılması ilə bağlı strateji bəyanatını qeyd etmək istəyirəm. Bunun aydın mənası var: Azərbaycan İtaliyanı diplomatik istinad nöqtəsi hesab edir və bu, şübhəsiz ki, siyasi və iqtisadi əlaqələrimizin möhkəmləndirilməsi üçün mühüm tramplindir.
İtaliyanın digər ölkələrlə münasibətlərini müqayisə etsək, görərik ki, Roma ilə Bakı arasındakı münasibətlər öz intensivliyi ilə daha çox seçilir. İtaliya Azərbaycanın Avropadakı aparıcı ticarət tərəfdaşıdır. Əgər İtaliyanın Azərbaycanın qonşuları ilə -Ermənistan və Gürcüstanla, eləcə də Türkmənistanla münasibətlərini müqayisə etsək, aydın görə bilərik ki, bu ölkələrin heç biri ilə münasibətlər Bakı qədər mühüm strateji əhəmiyyət daşımır.
Bizim bəzi şirkətlərimiz Azərbaycan üçün də strateji tərəfdaşdır. Mən SOCAR ilə bir sıra enerji müqavilələrinin tərəfi olan İtaliyanın nəhəng “ENİ” dövlət enerji şirkətini, qaz kəmərlərinin tikintisi və istismarı üzrə ixtisaslaşmış “Saipem” şirkətini nəzərdə tuturam.
Azərbaycan İtaliya üçün həmişə əsas enerji təchizatçısı və strateji tərəfdaş olub
- Enerji sahəsində əməkdaşlıq İtaliya üçün hansı əhəmiyyəti kəsb edir?
- Azərbaycan İtaliya üçün həmişə əsas enerji təchizatçısı və strateji tərəfdaş olub. Müharibədən əvvəl qazın təxminən 40 faizi Rusiyadan idxal edilirdi. Rusiyadan enerji idxalının kəskin azaldığı bir şəraitdə İtaliya bu gün tədarük etdiyi qaza görə Bakıya minnətdardır. İtaliya Azərbaycanın qazın qiymətlərini aşağı həddə saxlamağa nə qədər kömək etdiyini yüksək qiymətləndirir. Lakin daha da önəmlisi, Azərbaycan qazı bizə lazım olan enerjini əldə etməyə çox yardım edir. Bununla yanaşı, rəsmi Roma Qətər, Anqola, Mozambik, Norveç kimi bir neçə enerji dövləti ilə sazişlər bağlamaq və tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün səmərəli kampaniyaya başlayıb.
Əgər TAP xətti ilə nəql edilən Azərbaycan qazının tədarükünə bizim inamımız olmasaydı, enerji şirkətlərimizin dəstəyi ilə genişmiqyaslı əməliyyatların həyata keçirilməsi daha çətin olardı.
İtaliya və Azərbaycanın səmərəli şəkildə əməkdaşlıq edə biləcəyi
əsas sahələr ticarət, kənd təsərrüfatı, eləcə də mədəniyyətdir
- Ölkələrimiz daha hansı sahələrdə əməkdaşlıq edir?
- Ölkələrimizin iqtisadi əlaqələri gücləndirməyə nail olduqları sahələrin önündə müdafiə sahəsi gəlir. Bu sahədə on il əvvəl iki ölkə arasında əməkdaşlıq haqqında saziş imzalandıqdan və ratifikasiya olunduqdan sonra bir neçə İtaliya şirkəti Azərbaycanın yüksək keyfiyyətli müdafiə vasitələri ilə təmin edilməsinə kömək göstərir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi onu İtaliya üçün beynəlxalq əlaqələrin mühüm subyektinə çevirir. Bununla belə, İtaliya və Azərbaycan arasında ticarət asimmetriyası açıq qalmaqdadır. İtaliya Xarici İşlər Nazirliyindən 2021-ci ilə aid məlumatları əldə etmişəm: İtaliyanın Azərbaycana ümumi ixracı təxminən 262 milyon avro təşkil edir. Lakin neft və qaz hələ ölkələrimiz arasındakı ticarət əməkdaşlığının əsas elementləri olaraq qalır.
- Qeyri-enerji sahələrinin inkişaf perspektivləri, sizcə, hansı səviyyədədir?
- İtaliya ənənəvi olaraq dünyanın müxtəlif dövlətləri ilə iqtisadi əlaqələrə açıq ölkədir. Təkcə ötən il ixracımız rekord həddə - 600 milyard avroya çatıb. On ildən çoxdur ki, xaricdən külli miqdarda enerji resursları idxal etmək məcburiyyətində qalmağımıza baxmayaraq xarici ticarət balansımız müsbətdir.
İtaliya və Azərbaycanın səmərəli şəkildə əməkdaşlıq edə biləcəyi əsas sahələr ticarət, kənd təsərrüfatı, eləcə də mədəniyyətdir. Universitetlər arasında mübadilənin genişləndirilməsi iki ölkə arasındakı siyasi və diplomatik əlaqələrin gücləndirilməsi üçün ən gözəl vasitədir.
Dənizçilik və ətraf mühit sahəsində əməkdaşlıq Azərbaycan və
İtaliya arasında neft və qazdan kənar enerji sahəsində yeni
əlaqənin yaranmasında detonator rolunu oynaya bilər
- Bərpa olunan enerji sahəsində Bakı ilə Roma arasında əməkdaşlığın hansı perspektivlərini proqnozlaşdırmaq olar?
- Bu sahədə əsas mövzu “mavi iqtisadiyyat” və hidrogendir. Azərbaycan neft və qazla zəngin olmaqla yanaşı, gələcəkdə “mavi iqtisadiyyat”ın tərkib hissəsi kimi böyük hidrogen hasilatı potensialına malik ölkədir. Digər regional reallıqlarla yanaşı, Azərbaycan Xəzər dənizində 700 kolometrdən çox sahil xəttinə arxalana bilər.
Bu, Azərbaycanı İtaliyanın bərpa olunan enerji sahəsində sıx əməkdaşlıq əlaqələri qura biləcəyi ölkəyə çevirir. Məsələn, İtaliya hökumətinin dəniz işləri ilə məşğul olan xüsusi nazirliyi var. O, Xəzər dənizinin sahilində “mavi iqtisadiyyat”ın inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini Azərbaycan hökuməti ilə ən yaxşı şəkildə əlaqələndirə bilər.
Dənizçilik və ətraf mühit sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında neft və qazdan kənar enerji sahəsində yeni əlaqənin yaranmasında detonator rolunu oynaya bilər.
Tamilla MƏMMƏDOVA