Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı 18 faizlik ƏDV-dən azad edilib.
Millət vəkili Vüqar Bayramov yeniliyi şərh edərək bildirib ki, yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq: “Kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzilləri satın almaq məqsədilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur. Bu zaman vətəndaşın son ödəniş tarixinə yaşı 70-dən çox olmamalıdır. Mənzillərin dəyəri isə manatla ödənilir”.
Xatırladaq ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2.970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vüqar Bayramovun fikrincə, vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətləri azalarsa, daha çox vətəndaşımız bu imkandan yararlana bilər.
“İndiyədək bu mənzillərə sahib olmaq üçün əsas maneə aylıq ödəniş məbləğinin yüksək olması idi. Mənzillər Bakı ilə yanaşı, Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna olunmur”.