İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitindəki çıxında bildirib ki, "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" və "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" uğurla icra edilir. Problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması və bankların kapitallaşma səviyyəsinin artırılması istiqamətində məqsədyönlü işlər görülüb. Bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilib: "Aktiv pul bazarının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb, mövcud marketmeykerlərin daha da inkişaf etdirilməsi imkanları qiymətləndirilib. Eyni zamanda, "Blumberq" ticarət sistemində banklararası pul bazarı əməliyyatlarının aparılması və onlayn rejimdə Mərkəzi Bank tərəfindən bu əməliyyatlarla bağlı məlumatların əldə edilməsi imkanı yaradan "E-Bond" platforması bankların istismarına verilib".
Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə yeni vergi mexanizmi qurulduğunu bildirən V.Qasımlının sözlərinə görə, qiymətli kağızlar bazarının dərinləşdirilməsi, paylanılmış reyestr texnologiyalarının tətbiqi, ani ödənişlər sistemi, vençur fəaliyyəti, ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində təkliflər hazırlanıb.