- Cənab Zaştovt, Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini və perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan iqtisadiyyatının hansı sahələri polşalı investorlar üçün cəlbedici ola bilər?
- Azərbaycan Polşanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır, Polşa biznesi üçün cəlbedici ölkədir. Təbii ki, Polşa şirkətlərinin Azərbaycan bazarında fəaliyyətlərini genişləndirmək imkanları var. Kənd təsərrüfatı, tikinti və infrastruktur, bərpa olunan enerji, nəqliyyat və loqistika, tullantıların idarə olunması, tibb və əczaçılıq sahələrində, yüksək texnologiyalı sektorlarda biznes imkanları axtarıla bilər. Polşa müəssisələrinin təcrübəsi azərbaycanlı tərəfdaşlar üçün cəlbedici ola bilər. Hazırda ölkələrimiz arasında ikitərəfli ticarətin həcmi qənaətbəxş olmasa da, ildən-ilə artır və ticarət dövriyyəsində müsbət dəyişikliklər üçün ciddi potensial var.
- Ticarət-iqtisadi əməkdaşlığın hansı sahələrində daha çox irəliləyiş olub?
- Son illər Polşa Azərbaycan bazarına, əsasən, nəqliyyat vasitələri, kosmetika, maşın və avadanlıqlar satıb. Əvəzində Azərbaycandan gübrə, tərəvəz və meyvə, eləcə də plastik materiallar alıb. Bununla belə, tezliklə əməkdaşlıq üçün yeni istiqamətlər və imkanlar yaranacağına əminəm.
Polşa şirkətlərinin Azərbaycan bazarında fəaliyyətlərini genişləndirmək imkanları var
- Polşanın Qdansk limanı ilə Bakı limanı arasında əməkdaşlıq mövcuddur. Gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına necə baxırsınız?
- Polşa müəssisələrinin bu sektorda təcrübəsi var və azərbaycanlı tərəfdaşlarla artıq əlaqələr qurub. Polşa liman infrastrukturunun inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Gəmiqayırma sahəsində əməkdaşlığın inkişafı üçün də potensial var.
- Cənub Qaz Dəhlizinin ölkəniz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Rusiyanın enerji resurslarından asılılığın aradan qaldırılması üçün Polşanın öz strategiyası var. Rəsmi Varşava Azərbaycanın karbohidrogen məhsullarını almaqda maraqlıdır, lakin coğrafi uzaqlıq və Polşanı Cənubi Qafqazla birləşdirən enerji marşrutlarının olmaması da daxil olmaqla bir sıra maneələr mövcuddur. Hazırda Rusiyanın karbohidrogen məhsullarından asılı olan Cənub-Şərqi Avropa ölkələri üçün Azərbaycan qazına enerji mənbələrinin diversifikasiyası baxımından həll yolu kimi baxılır.
Rəsmi Varşava Azərbaycanın karbohidrogen məhsullarını almaqda
maraqlıdır, lakin coğrafi uzaqlıq və Polşanı Cənubi Qafqazla birləşdirən enerji
marşrutlarının olmaması da daxil olmaqla bir sıra maneələr mövcuddur
- Nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında iştirak etməyə maraq göstərən Polşa bu layihədən hansı faydalar əldə edə bilər?
- Polşa Orta Dəhliz layihəsində mühüm rol oynaya bilər və bu, müzakirə olunmalıdır. Hazırda Ukraynada vəziyyət kritikdir. Bir tərəfdən müharibə səbəbindən Rusiyanın beynəlxalq miqyasda təcrid olunması Orta Dəhliz ideyasını aktuallaşdırır, digər tərəfdənsə Ukrayna-Rusiya münaqişəsi təşəbbüsləri əngəlləyir. Müharibə dövründə Polşanın Qara dəniz və Xəzəryanı regionlarla iqtisadi əməkdaşlığı genişləndirməsi çətindir.
- Azərbaycan və Polşa nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir. Nəqliyyat sahəsində əməkdaşlıq ölkələrimiz üçün hansı imkanlar açacaq?
- Bu sahədə müsbət əlamətlər var, o cümlədən indi biz “LOT Polşa” Hava Yolları aviaşirkəti ilə Varşavadan Bakıya uça bilirik. Mən burada turizmin inkişafı üçün böyük imkanlar görürəm.
Tamilla MƏMMƏDOVA