Kiçik biznesə böyük etimad MƏQALƏ

2023.01.13 17:02 (UTC+04:00)

Azərbaycanda sayca 3-cü olan KOB evi - "Bakı KOB evi" istifadəyə verildi. Paytaxtın Nərimanov rayonunda yerləşən bu növbəti KOB evinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə diqqət yönəldir.

Kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfənin öz yeri, öz əhəmiyyəti var. Belə ki, indi respublikanın müxtəlif şəhər və rayonlarında yüzlərlə kiçik və orta sahibkar çalışır ki, onların da iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında rolu getdikcə artır.

Azərbaycanda biznesin mütləq əksəriyyətini - 99,6 faizini mikro, kiçik və orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub. KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən 2021-ci ildə 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard dollara yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-nin isə 56,5 faizini təşkil edib.

Məhz buna görə də dövlət sahibkarlıq fəaliyyətini dəstəkləyir, sahibkara hərtərəfli dəstək göstərir. Belə ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Ölkədə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlət başçısının

28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.

KOBİA sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes-planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən "KOB dostu" şəbəkəsi vasitəsilə reallaşdırılır.

Kiçik və orta bizneslə bağlı indiyədək çoxsaylı fərman və sərəncamlar, digər sənədlər də imzalanıb. Məlum olduğu kimi, sahibkarlıq fəaliyyətinə böyük dəstək göstərəcək daha bir sənəd - "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi işlənib hazırlanmışdır. Layihə Milli Məclisdə artıq iki oxunuşdan keçib. Bu, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi və keyfiyyətcə yüksəlməsi üçün olduqca əhəmiyyətli addımdır. Sənəddə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, subyektlərin rəqabətqabiliyyətliliyinin artırılması, investisiya və innovasiya fəallığının stimullaşdırılması nəzərdə tutulur. Onlara göstərilən xidmətlərin və dövlət dəstəyinin səmərəliliyinin artırılması, eləcə də dəstək infrastrukturunun bütün mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatanlığı önə çəkilir.

Qanun layihəsi 5 fəsildən və 15 maddədən ibarət olub mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, formaları, qaydası və qiymətləndirilməsi ilə bağlı maddələr təsbit olunub. Burada eləcə də dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə əlaqədar maddələr özünə yer alıb.

Yeni dövrün çağırışlarına uyğun olaraq KOB mühitinin inkişafı baxımından yeni qanun layihəsinin əhəmiyyəti keçən ilin sonunda Bakıda keçirilən "Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin - INSME - 18-ci İllik Toplantısı" mərasimində də qeyd olunub. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənədin KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcəyi vurğulanıb. KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) prezidenti Serdjio Arzeni deyib: "Sahibkarlıq və KOB-ların inkişafı siyasətindən başqa, rəqabət qabiliyyətinin və KOB-larda çalışanların bilik və bacarıqlarının artırılması siyasəti həddən çox vacibdir. Biz Azərbaycanda KOB-lara ünvanlanan siyasəti gücləndirmək istəyirik. İqtisadi şaxələndirmə sahəsində inkişaf önəmlidir".

KOB evləri də elə bu mühüm məqsədlərə xidmət edir. Onlar sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Hazırda fəaliyyət göstərən Xaçmaz və Yevlax KOB evləri indiyədək sahibkarlara öz işlərində böyük dəstək verib. Burada onlara 170 mindən çox xidmət göstərilib ki, həmin xidmətlərin 165 mindən çoxu dövlət-biznes, 9 minə yaxını isə biznes-biznes xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Yeni "Bakı KOB evi" isə 11 min 262 kvadratmetr sahədə yerləşir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsində sahibkarlara xidmət göstəriləcək. Sonuncu mərtəbə işçi heyət üçün nəzərdə tutulub. "Bakı KOB evi"nin gün ərzində 5 min sahibkara xidmət göstərmək imkanı var. Binada görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

"Bakı KOB evi"ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər. Bununla yanaşı, "Bakı KOB evi"ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Həyata keçirilən bu ardıcıl tədbirlərlə - kiçik və orta sahibkarlığın əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli və ünvanlı dəstək mexanizminin yaradılması ilə ölkədə biznes mühitinin inkişafı daha da sürətlənəcək.

"Azərbaycan"