Dövlət zəmanətli kreditlər sahibkarlara hansı üstünlükləri verəcək? MƏQALƏ

2023.01.12 16:31 (UTC+04:00)

Prezident İlham Əliyevin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”na əsasən, (https://president.az/) sahibkarlıq subyektlərinə 500 milyon manat məbləğində kreditin verilməsi nəzərdə tutulur. Bu kreditlərə 90 faiz həcmində, yəni 450 milyon manatlıq dövlət zəmanəti veriləcək. Dövlət zəmanəti ilə təmin edilən kreditlərin illik faiz dərəcəsi 15 faizdən, müddəti isə 7 ildən çox olmayacaq. Layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmədikdə, sahibkarlıq subyektinin hesabları üzərinə müvafiq sərəncam qoyulduqda, sahibkarlıq subyekti zəmanət üçün müraciət edən müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxs olduqda, sahibkarlıq subyekti barəsində vergi və sığorta ödənişləri ilə bağlı cinayət təqibi olduqda kreditlərə dövlət zəmanəti verilməyəcək. Bu qaydaya görə, sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda da dövlət kredit üçün zəmanət verməyəcək.

Sahibkarın üzərinə düşən faiz yükü maksimum beş faiz olacaq

İqtisadiyyat Nazirliyi tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynovun sözlərinə görə, bu mexanizm yalnız fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsləri əhatə edəcək.

Azərbaycanda sahibkarlara dövlət zəmanətli kreditlərin verilməsi təcrübəsinin olduğunu nəzərə çatdıran İ.Hüseynov qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə SİF tərəfindən dövlət zəmanətli kredit və subsidiya mexanizmi tətbiq edilib.

İ.Hüseynov qeyd edib ki, banklardan kredit alan sahibkarların qarşılaşdığı əsas çətinlik girovla bağlıdır. Bəzən təminat yetərsizliyi səbəbindən sahibkarlar layihələri həyata keçirə bilmirlər. Bu mexanizmdə isə dövlət sahibkar üçün ayrılan kreditə 90 faizədək zəmanət verir, yəni banka təminat verilir ki, əgər sahibkar krediti qaytarmasa, həmin kreditin 90 faizədək olan hissəsini banka dövlət ödəyəcək: “Təbii ki, bu da bankda əminlik yaradır və bankın sahibkarlara kredit vermək istəyi artır. Digər tərəfdən, bank kreditlərindən fərqli olaraq, burada kreditin 10 faiz bəndi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Qaydaya əsasən, banklar sahibkarlara bu mexanizm üzrə maksimum 15 faizlə kredit verə bilər. Nəzərə alaq ki, bunun 10 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, deməli, sahibkarın üzərinə düşən faiz yükü maksimum 5 faiz olacaq. Sahibkar bankdan 12 və ya 13 faizlə kredit ala bilsə, 10 faiz dövlət tərəfindən subsidiyalaşdırdıqdan sonra sahibkarın üzərinə düşən yük 2-3 faiz olacaq. Bu, sahibkarlar üçün kifayət qədər sərfəli şərtdir. Hazırda SİF tərəfindən tətbiq olunan güzəştli kredit mexanizmi də sahibkarlara beş faizlə təklif olunur. Lakin burada kredit riskləri müvəkkil təşkilatların üzərində olduğu üçün bəzən girov yetərsizliyi olan sahibkarlar kredit ala bilmirlər. Bu baxımdan, yeni qayda ilə veriləcək dövlət zəmanətli kreditlər xüsusilə girov yetərsizliyi olan sahibkarlara əlavə üstünlük qazandıracaq”.

SİF zəmanətin verilməsinə razılıq verdikdən sonra banklar kreditləri sahibkara təqdim edəcəklər

Fond rəsmisi bildirib ki, sahibkaralara veriləcək kredit, əslində, bankların vəsaiti olsa və biznes krediti sayılsa da, həmin məbləğ sahibkarlara SİF vasitəsilə veriləcək. Banklar kreditlərə dövlət zəmanətinin verilməsi üçün SİF-ə müraciət etdikdən sonra bu qurum müraciətin qaydaya uyğunluğunu təsdiqləyəcək. Fond müraciətə zəmanətin verilməsinə razılıq verdikdən sonra banklar öz vəsaitlərini, yəni kreditləri sahibkara təqdim edəcəklər. Bu mexanizm elektron kredit və informasiya sistemi vasitəsilə həyata keçiriləcək: “Müraciətlərin qəbulu, müvəkkil təşkilatlar və fond tərəfindən qiymətləndirilməsi, nəticələrin sahibkarlara təqdim edilməsi, kredit sonrası proseslərin izlənməsi kimi bütün prosedurlar elektron sistem üzərindən həyata keçiriləcək. Artıq elektron kredit və zəmanət informasiya sisteminin yaradılması, həmçinin fərmandan irəli gələn digər tapşırıqların icrası məqsədilə işlərə başlanılıb. Bu işlər yekunlaşdırıldıqdan sonra müraciətlərin qəbuluna başlanacaq. Fərmanda elektron kredit və zəmanət informasiya sisteminin yaradılmasına 6 ay vaxt verilib. Altı ay ərzində sistem yaradılacaq, bundan sonra müraciətlər qəbul ediləcək”.

İ.Hüseynov əlavə edib ki, yeni mexanizm işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunu artırmağa hədəflənib. Mexanizmin tətbiqi işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunun sürətləndirilməsinə, bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün kreditlərin verilməsinin stimullaşdırılmasına, girovla bağlı çətinliyi olanların maliyyə əlçatanlığının artırılmasına və faiz yükünün azalmasına müsbət təsir edəcək. Bu isə nəticədə azad edilmiş ərazilərdə iqtisadi potensialın reallaşdırılmasını və iqtisadi aktivliyin bərpasını daha da sürətləndirəcək.

Kreditlərin dövlət zəmanəti ilə verilməsi iqtisadi layihələrin maliyyələşdirilməsi baxımından səmərəli olacaq

İqtisadi Resrusların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirib ki, Asiya İnkişaf Bankının, Dünya Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycanda apardığı tədqiqatlar mikro, kiçik və orta sahibkarların başlıca problemlərinin maliyyə mənbələrinə əlçatanlıqla bağlı olduğunu üzə çıxarıb.

Pandemiyadan sonra sahibkarlara dövlət zəmanəti ilə maliyyə vəsaitlərinin verilməsi istiqamətində işlərin aparıldığını söyləyən iqtisadçı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin dövlət zəmanəti ilə verilməsini bu işlərin davamı kimi dəyərləndirib. Onun fikrincə, kreditlərin dövlət zəmanəti ilə verilməsi işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanların iqtisadi layihələrinin maliyyələşdirilməsi baxımından səmərəli olacaq: ”Apardığımız araşdırmalara görə, Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin sahibkarlıqla bağlı əsas çətinlikləri özlərinin hazırladıqları layihələrə maliyyə vəsaiti tapa bilməməsidir. Ölkə başçısının təsdiq etdiyi fərmanla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın bəndlərindən biri məhz sahibkarlıq subyektlərinin maliyyə mənbələri əldə edə bilməsi ilə bağlıdır. Hesab edirəm ki, yeni fərmanla maliyyə əlçatanlığının artırılması məcburi köçkünlərin doğma yurdlarına qayıdışı zamanı onların məşğulluğunun təmin edilməsinə, bacardıqları fəaliyyət istiqamətləri üzrə layihələr icra etməsinə, yerli məhsul istehsalının artırılmasına təkan verəcək. Bu fərman həmin ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Bununla bərabər, hesab edirəm ki, azad edilmiş ərazilərin iqtisadiyyatı üçün maliyyə alətlərinin sayının artırılmasına böyük ehtiyac var”.

Nizamnamə kapitalında dövlətin iştirak payının 50 faizdən çox olduğu sahibkarlıq subyektlərinə zəmanətin verilməyəcəyi məsələsinə toxunan R.Atakişiyev bildirib ki, dövlət bu gün dövlət mülkiyyətinin payının azalmasında, özəl sektorun inkişaf etməsində çox maraqlıdır. Bu da Azərbaycanın bazar iqtisadiyyatının inkişafı istiqamətində müəyyən etdiyi yol xəritəsinə uyğundur: “Hökumət çalışır ki, dövlət payı çox olan müəssisələr fəaliyyətlərini öz vəsaitləri hesabına genişləndirsinlər. Dövlət özəl sektorun daha çox inkişaf etməsi üçün iqtisadiyyatda dövlət müəssisələrinin inhisarçılığının azaldılması, özəl mülkiyyətə əsaslanan sahibkarlıq subyektlərinin rəqabətdə daha da gücləndirilməsi istiqamətində iş aparır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda, yaxın gələcəkdə ölkəmizdə beynəlxalq tələblərə uyğun Rəqabət Məcəlləsinin qəbul ediləcəyi nəzərdə tutulub. Məcəllədə özəl mülkiyyətə əsaslanan sahibkarlıq subyektləri arasında rəqabətin daha da güclənməsi, azad rəqabətin formalaşması ön planda olacaq”.

Sahibkarlar investisiyalarını Qarabağa yatırmaqda maraqlı olacaqlar

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) baş katibinin müavini Xəqan Hümmətzadə deyib ki, Vergilər Məcəlləsinə, “Sosial sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nın təsdiq edilməsi Böyük Qayıdışın, Qarabağın dirçəlməsinin iqtisadi tərəfdən təmini üçün tətbiq edilən əsas mexanizmlərdir.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra ASK sahibkarların Qarabağın dirçəlməsinə dair təklif və biznes layihələrini toplayaraq dövlət qurumlarına təqdim edib. Bununla yanaşı, sahibkarların əsl ehtiyaclarına dair müəyyən sorğular, monitorinqlər keçirilib: “Sözsüz ki, bu təkliflərdə və sorğuların nəticələrində hər zaman maliyyə əlçatanlığı, güzəştlərin tətbiqi önəmli yer tutub. Maliyyə əlçatanlığı baxımından kredit faizlərinin subsidiyalaşdırılması və kreditlərə dövlət zəmanətinin verilməsi, sahibkarlar üçün vergi sahəsində güzəştlərin tətbiqi, Qarabağda fəaliyyət göstərən sahibkarların, demək olar ki, bütün vergilərdən azad edilməsi, məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlərin ödədikləri hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması iqtisadi tənzimləmə baxımından çox önəmlidir”.

X.Hümmətzadənin qənaətincə, kreditlərin dövlət zəmanəti ilə verilməsi və faizlərin subsidiyalaşdırılması sahibkarların Qarabağda biznes layihələrinin həyata keçirilməsi üçün çox önəmli dəstək olacaq. Bu mexanizm nəticəsində kreditlər dövlət zəmanəti ilə veriləcəyindən banklar, kredit və bank olmayan kredit təşkilatlarının özləri də daha çox kredit verməkdə və layihələri maliyyələşdirməkdə, yerli və xarici sahibkarlar isə investisiyalarını Qarabağ bölgəsinə yatırmaqda maraqlı olacaqlar: “Kreditin verilməsi şərtləri çox dəqiq hazırlanıb və sərt deyil. Hesab edirəm ki, sahibkarlar üçün kifayət qədər rahat müraciət etmək imkanı yaradılıb”.

Yeni mexanizm sahibkarları stimullaşdıracaq və görülən işləri sürətləndirəcək

Milli Məclisin deputatı Azər Badamovun fikrincə, sahibkarlıq subyektlərinin aldığı kreditlərə SİF tərəfindən zəmanətin verilməsi və hesablanacaq kredit faizlərinin subsidiyalaşdırılması işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini stimullaşdıracaq və görülən işləri sürətləndirəcək: “Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xüsusi güzəştlərin verilməsi çox düzgün addımdır. Çünki bu ərazilər sıfırdan yenidən qurulur və tez bir zamanda dirçəldilməlidir”.

Deputat qeyd edib ki, azad edilmiş ərazilərə çoxlu investisiyaların qoyulmasına ehtiyac var. Yeni müəsisələr ərsəyə gəlməli və geniş çeşidli istehsal sahələri fəaliyyətə başlamalıdır. Yeni müəsisələrin ərsəyə gəlməsi isə öz yurdlarına qayıdacaq insanların işlə təmin olunmasına yol açır: “İşğaldan azad olunmuş ərazilər müxtəlif güzəşt mexanizmlərindən istifadə edilməklə sürətlə dirçəldilib ölkə iqtisadiyyatına reintiqrasiya olunmalıdır. Belə güzəştlərin tətbiqi işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafına təkan verəcək. Azad olunmuş ərazilərdə sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi dövlətin də yükünü yüngülləşdirir. Bu baxımdan, yeni qaydanın tətbiqinin çox əhəmiyyətli olacağını düşünürəm”.

İlhamə İSABALAYEVA